Vüqar Bayramov: “Siyasi partiyalar haqqında” qanun siyasi sahədəki əməkdaşlıq platformasını daha da gücləndirəcək
18:01
17 Dek 2022
Xəbər verildiyi kimi, Milli Məclisin sonuncu plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna layihəsi üçüncü oxunuşda qəbul olunub.
Millət vəkili Vüqar Bayramov bildirib ki, bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək. Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir.
Vüqar Bayramov deyib ki, son illər siyasi arenada ciddi əməkdaşlıq platforması yaradılıb. Ümummilli məsələlərdə əksər siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi də məhz bu əməkdaşlığın nəticəsidir. Siyasi arenada islahatların davam etdirilməsi ilə bağlı ölkədəki güclü siyasi iradə mövqeyindən asılı olmayaraq bütün dövlətçi partiyalar üçün yeni imkanlar yaradır. Bu qanunun qəbul edilməsi həmin imkanları daha da gücləndirəcək.
Onun sözlərinə görə, bu isə o deməkdir ki, qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur.
Vüqar Bayramov əlavə edib ki, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Bu qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, o cümlədən birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə imkan yaradır.