Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilinə əsasən, hesabat dövründə müxtəlif əmlak seqmentlərində fərqli qiymət meyilləri qeydə alınıb.
Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
FED.az xəbər verir ki, palatadan bildirilib ki, təhlilə görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr, AQP indeksi isə 98,4 olub. Sentyabr ayının medianı ilə müqayisədə cüzi, 0,05 faizlik azalma qeydə alınıb. İndeksin baza dövründən 1,6 faiz aşağı olması bu seqmentdə satış qiymətlərinin hələ də baza səviyyəsinə çatmadığını göstərir.
Kommersiya obyektlərinin icarəsində isə əks tendensiya müşahidə edilib. Median icarə qiyməti sentyabr ayındakı 15 manatdan oktyabrda 16 manata yüksəlib. AQP indeksi 98,4-dən 104,9-a çatıb, aylıq artım 6,7 faiz təşkil edib. Median aylıq icarə haqqı 2 000 manat olub. Bununla belə, ofis, ticarət, iaşə, anbar və istehsal sahələrinin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Bu obyektlərin təyinatı və ölçüləri üzrə təklif strukturunun dəyişməsi ümumi median qiymətə təsir edə bilər.













