2027-ci ildə Azərbaycanın dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərcləri üçün ümumilikdə 2 milyard 153,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün 3,4 milyard manat ayrılacaq
FED.az xəbər verir ki, bu barədə 2027-ci ilin büdcə zərfinin layihəsində bildirilib.
Sənədə əsasən, nəzərdə tutulan vəsait 2026-cı illə müqayisədə 176,5 milyon manat və ya 8,9 faiz, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 335,8 milyon manat və ya 18,5 faiz çoxdur.
2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 379,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2026-cı illə müqayisədə 153 milyon manat və ya 12,5 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 258,6 milyon manat və ya 23,1 faiz çoxdur.
Ayrılacaq vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə edilməsinin təkmilləşdirilməsinə, fermerlərin suvarma suyu ilə təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək.
Bu vəsait hesabına kənd təsərrüfatının inkişafı məqsədilə yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi, suvarılan ərazilərin genişləndirilməsi, suvarma-subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, məqsədli kənd təsərrüfatı tədbirləri üçün 800,9 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 247,4 milyon manat və ya 44,7 faiz çoxdur.
Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyələşdirilməsi üçün 522,6 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait əsasən fermerlərə müxtəlif növ subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin alınması xərclərinin bir hissəsinin kompensasiyası, istehsalın və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı istehsalçılarının maliyyə imkanlarının dəstəklənməsi üçün istifadə olunacaq.
Belə ki, bitkiçilik sahəsində əkin, dincə qoyulmuş torpaq, bağçılıq, məhsul, toxum və sertifikatlaşdırma subsidiyalarının, heyvandarlıq sahəsində isə heyvanların saxlanılması, damazlıq işinin təşkili, süni mayalanma və embrion köçürmə, heyvandarlıq məhsullarının istehsalı ilə bağlı subsidiyaların maliyyələşdirilməsi təmin ediləcək.
Eyni zamanda, sahibkarlıq subyektlərinə verilən qısamüddətli kreditlər üzrə faizlərin maliyyələşdirilməsi, kənd təsərrüfatı texnikası, suvarma sistemləri və damazlıq heyvanların alınması zamanı fermerlərə dövlət büdcəsi hesabına güzəştlərin verilməsi də nəzərdə tutulur.
Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üçün isə 30,4 milyon manat vəsait ayrılacaq. Bu vəsait 2022-ci il 19 iyul tarixli Prezident fərmanına uyğun olaraq, idxal olunan buğdadan asılılığın azaldılması və yerli istehsalın təşviqinə yönəldiləcək.
Gələn ilin büdcəsində baytarlıq tədbirləri üçün 53,3 milyon manat nəzərdə tutulub. Bu, 2026-cı illə müqayisədə 8,4 milyon manat və ya 18,6 faiz çoxdur.
Həmin vəsaitin 23 milyon manatı baytarlıq xidmətlərinin göstərilməsinə, 18,2 milyon manatı vaksinlərin, dərmanların və baytarlıq ləvazimatlarının alınması, saxlanılması və daşınmasına yönəldiləcək.
Bundan başqa, xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi üçün 500 min manat, heyvanların identifikasiyası və elektron uçotu sisteminin qurulması üçün 9,7 milyon manat, xüsusi təhlükəli xəstəliklər üzrə laboratoriya diaqnostikasının aparılması üçün isə 1,9 milyon manat ayrılması proqnozlaşdırılır.
Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün 5,7 milyon manat, aqrokimyəvi analizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxum nəzarəti tədbirlərinin maliyyələşdirilməsi üçün isə 7,8 milyon manat nəzərdə tutulub.
Kənd təsərrüfatı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinin 2,9 milyon manat təşkil edəcəyi gözlənilir.
2027-ci ilin dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yerquruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, eləcə də digər ekoloji xidmətlər üçün 438,6 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu, 2026-cı illə müqayisədə 22,8 milyon manat və ya 5,5 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 64,5 milyon manat və ya 17,2 faiz çoxdur.
Ayrılacaq vəsaitin 275,3 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirlərinə, 15,1 milyon manatı torpaq və yerquruluşu tədbirlərinə, 21,3 milyon manatı meşə təsərrüfatına, 10,4 milyon manatı hidrometeorologiya tədbirlərinə, 10,7 milyon manatı bioloji zənginliyin qorunmasına, 600 min manatı ətraf mühitin və təbiətin mühafizəsinə yönəldiləcək.
Ətraf mühitin mühafizəsi sahəsinə aid digər xidmətlərin maliyyələşdirilməsi üçün isə 105,3 milyon manat nəzərdə tutulub.
Bununla yanaşı, şəhər, rayon və qəsəbələrdə prospekt, küçə, meydan, park, xiyaban və digər ictimai ərazilərdə sanitar təmizlik, abadlaşdırma, təmir və yenidənqurma işlərinin aparılması üçün 242,8 milyon manat vəsait ayrılacaq.
Bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə 17,5 milyon manat subsidiya verilməsi də proqnozlaşdırılır.
2027-ci ilin dövlət büdcəsində mənzil və kommunal təsərrüfatı xərcləri üçün 335,2 milyon manat vəsait nəzərdə tutulub.
Bu məbləğin 132,5 milyon manatı və ya 39,5 faizi kommunal təsərrüfatına, 60 milyon manatı və ya 17,9 faizi mənzil təsərrüfatına, 15,7 milyon manatı və ya 4,7 faizi su təsərrüfatına, 6,3 milyon manatı və ya 1,9 faizi lift təsərrüfatına, 120,7 milyon manatı və ya 36 faizi isə mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
İstilik təchizatı xidmətlərinin satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin qarşılanması üçün "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə 33,8 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
Bundan başqa, dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 60 milyon manat vəsait proqnozlaşdırılıb.
Şəhər, rayon və qəsəbələrin işıqlandırılmasına 40,6 milyon manat, yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu işlərinə 47,1 milyon manat, mənzil-kommunal təsərrüfatı müəssisələrinin fəaliyyətinə 37,7 milyon manat, lift təsərrüfatının saxlanılmasına isə 6,3 milyon manat ayrılacaq.
Beləliklə, 2027-ci ilin büdcə layihəsində kənd təsərrüfatının dəstəklənməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ekoloji mühitin qorunması, tullantıların idarə olunması, şəhər infrastrukturunun yenilənməsi və kommunal xidmətlərin maliyyələşdirilməsi üçün ümumilikdə 2 milyard 153,3 milyon manat vəsait nəzərdə tutulub.













