"Bankların kredit kartları ilə bağlı limitləri bazara təsir göstərməyib. Ümumiyyətlə, banklara məhdudlaşdırıcı limit tətbiq etməmişik. Sadəcə, bütün banklarda minimum limitin eyni səviyyədə müəyyən edilməsinə nail olmuşuq".
Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, hər bir müştərinin, hər bir kart istifadəçisinin əməliyyatlarının sayını və məbləğini əsaslandırması mümkündür:
"Belə əsaslandırma olduğu təqdirdə, limitin və məbləğin artırılması ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməyib və belə bir məhdudiyyət yoxdur.
Bundan əvvəl də banklar müxtəlif limitlər tətbiq edirdilər. Bəzi banklarda bu limit üç, digərlərində yeddi, bəzilərində isə səkkiz əməliyyat idi. Biz təklif etdik ki, minimum limit bütün banklarda eyni olsun və beş əməliyyat səviyyəsində müəyyən edilsin".
"Məsələn, hər hansı müştəri bildirsə ki, ona ay ərzində müəyyən məbləğdə ianələr daxil olur və bunu əsaslandıra bilsə, həmin əməliyyatların sayı və məbləği üzrə limitin artırılması mümkündür. Ailə üzvləri arasında ödənişlər də bu çərçivəyə daxildir. Pensiya və əməkhaqqı ödənişləri isə bu məhdudiyyətlərə aid deyil.
Yəni, bu məsələdə müştərilərin əsaslandırılmış əməliyyatlarına qarşı hər hansı məhdudlaşdırıcı amil yoxdur, - deyə o, əlavə edib.
Zakir Nuriyev qeyd edib ki, kartlardan mərc oyunları və digər qanunsuz əməliyyatlar üçün istifadə edən şəxslər təbii olaraq müəyyən edilmiş limitlərə uyğun gəlmirlər və əməliyyatlarını əsaslandıra bilmirlər:
"Əgər şəxs apardığı əməliyyatları əsaslandıra bilmirsə və müəyyən edilmiş limitlərə uyğun gəlmirsə bank sektoru qanunsuz əməliyyatların həyata keçirilməsi üçün meydança deyil. Siz də razılaşarsınız ki, bir tərəfdən qanunvericiliyin tələblərinə əməl olunur, digər tərəfdən isə başqa şəxslərin bank sektorundan istifadə edərək qanunsuz əməliyyatlar aparmasına şərait yaradılması düzgün deyil".















