Azərbaycanın ən böyük qaz hasilatı yatağı olan “Şahdəniz” yatağında 2026-cı ilin yanvar–sentyabr aylarında təxminən 20 milyard kubmetr qaz hasil edilib.
Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
FED.az xəbər verir ki, bu barədə bp şirkətinin 2026-cü ilin ilk 9 ayı üzrə hesabatında deyilir. Hesabata əsasən, bu, 2025-ci ilin eyni dövründəki 21 milyard kubmetrlik hasilatdan təxminən 1 milyard kubmetr və ya 4,8% azdır.
Hər iki ilin ilk doqquz ayında kondensat – yəni qazla birlikdə yataqdan çıxan neft - hasilatı təxminən 3 milyon ton göstərilib.
Qaz hasilatının azalmasına baxmayaraq, yataq üzrə xərclər əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2025-ci ilin ilk doqquz ayında “Şahdəniz” üzrə əməliyyat məsrəfləri 1 milyard 836 milyon dollar, əsaslı məsrəflər isə 756 milyon dollar olmuşdu.
2026-cı ilin eyni dövründə əməliyyat məsrəfləri 2 milyard 2 milyon dollara, əsaslı məsrəflər isə 1 milyard 78 milyon dollara yüksəlib.
Beləliklə, əməliyyat məsrəfləri 166 milyon dollar və ya 9%, əsaslı məsrəflər isə 322 milyon dollar və ya 42,6% artıb.
Ümumi xərclər 2 milyard 592 milyon dollardan 3 milyard 80 milyon dollara çatıb.
2026-cı ilin sentyabrında “Şahdəniz 2” layihəsinin şərq-şimal cinahında dördüncü quyu istismara verilib.
Yataqda hasilatın başlanmasından 2026-cı ilin üçüncü rübünün sonunadək ümumilikdə təxminən 284 milyard kubmetr qaz və 55 milyon ton kondensat əldə edilib.













