Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları” ilə bağlı sənəd layihəsi hazırlanıb.
AQTA-dan FED.az-a verilən məlumata görə, qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını müəyyənləşdirir. Sənəd layihəsinin hazırlanmasında məqsəd qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsidir.
Qeyd edək ki, layihənin hazırlanmasında Kodeks Alimentarius Komissiyasının “Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193-1995) və “Yeyinti məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin qurulması” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilib.
Sənəd layihəsində istifadə edilən çirkləndirici anlayışı qida məhsullarına məqsədli şəkildə daxil edilməyən, lakin onların ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi zamanı və ya ətraf mühitdən keçən maddə kimi mənaları ifadə edir.
Bundan başqa, qida məhsullarının minimum keyfiyyətinə təsir göstərən, lakin insan sağlamlığında heç bir təsirə malik olmayan çirkləndirici maddələr, pestisid qalıqları, baytarlıq preparatlarının və yem əlavələrinin (qida dəyərliliyindən asılı olmayaraq bilavasitə yem kimi istifadə edilməyən, məqsədli şəkildə əlavə edildikdə yem və ya heyvan mənşəli qida məhsullarının xüsusiyyətlərinə təsir edən istənilən inqrediyent) qalıqları, mikrob toksinləri (məsələn: botulinik toksin və stafilokokk enteretoksinləri kimi) və mikroorqanizmlər qaydaların əhatə dairəsinə aid edilmir. Həmçinin istehsal zamanı istifadə edilən köməkçi maddələrin (aparat və avadanlıqlar istisna olmaqla, qida komponenti qismində istifadə edilməyən, emal zamanı müəyyən texnoloji məqsədlərə nail olmaq üçün məqsədli şəkildə xammalın, qida məhsulları və ya onların inqrediyentlərinin emalında istifadə olunan və son məhsulda mövcudluğu qaçılmaz olan hər hansı bir material və ya maddə (məsələn: üzvi turşular, pH tənzimləyiciləri, enzimlər (rennet) qalıqları da “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın əhatə dairəsinə şamil edilmir.