Prezident İlham Əliyev Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamda bildirilib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyekti, 18 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi, xalçaçılıq müəssisəsi yaradılmış, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Eləcə də bax: Məktəb tikintisi üçün pul ayrıldı - SƏRƏNCAM