Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə” fərmanda dəyişiklik edib.
FED.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, Fərmana aşağıdakı məzmunda 5.39-1-ci bənd əlavə edilib:
“5.39-1. həmin Məcəllənin 393-1.1-ci və 393-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə İqtisadiyyat Nazirliyi, 393-1.4-cü və 393-1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar;”.
Qeyd edək ki, Məcəllənin 393-1.1-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.
Məcəllənin 393-1.3-cü maddəsinə əsasən isə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən, həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar.