Azərbaycan hökuməti 2021-ci ildə görüləcək əsas işləri və diqət yetiriləcək məsələləri açıqlayıb.
Eləcə də bax: Nəzarət artacaq, büdcədən pul mənimsəmək çətinləşəcək – HÖKUMƏTDƏ TOPLANTI
FED.az xəbər verir ki, bu barədə yanvarın 25-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə bildirilib.
2021-ci ildə görüləcək əsas işlər və diqqətdə saxlanılacaq məsələlər bir neçə istiqamətə ayrılır. Bunlar aşağıdakılardır:
1) Qarabağın inkişafı və əhalinin torpaqlarına qayıtması
- İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınmalıdır;
- Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanmasına başlanılmalıdır;
- Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcəkdir və o cümlədən məşğulluq məsələlərinə də xidmət edəcək;
- Keçmiş köçkün əhali öz dəbə-baba yurdlarına qaytarılmalı, bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir.
2) Azad olunan torpaqların bölünməsi və inkişafı:
- İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir;
- İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır;
- Ölkə səviyyəsində su ehtiyatları ilə bağlı problemləri həll etməklə yanaşı, işğaldan azad edilmiş torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılmalıdır;
- Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçirilməlidir;
3) Korrupsiyaya qarşı tədbirlər güclənəcək:
- Ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməlidir;
- Mərkəzi icra hakimiyyəti orqanlarının Hökumətə təqdim etdiyi təkliflərin hər birində antikorrupsiya mexanizmləri və elementləri nəzərdə tutulmalı, sui-istifadə hallarına qətiyyən yol verilməməlidir;
4) iqtisadi artım və sabitlik olmalıdır:
- Cari ildə iqtisadi artımın bərpa edilməliidir;
- İnflyasiya meyllərinin qarşısı alınmalıdır;
- Valyuta ehtiyatları səmərəli idarə edilməlidir;
- Keçən il start verilmiş, lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir;
- Post-pandemiya dövrünə ciddi hazırlıq işləri görülməli, orta və uzunmüddətli hədəfləri bir daha dəqiqləşdirilməlidir.
5) Büdcəyə və tenderlərə nəzarət artacaq:
- Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir;
- Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir;
- Dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir;
- Dövlət investisiya layihələrinin səmərəliliyi təhlil edilməlidir.
6) Sahibkarlara dəstək veriləcək:
- Özəl sektor investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb edilməlidir;
- Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilməlidir;
- Prioritet sahələrə özəl investisiyaların cəlb edilməsi stimullaşdırılmalıdır;
- Antiinhisar siyasəti gücləndirilməli, haqsız rəqabətə, xüsusilə də istehlak bazarında süni qiymət artımına yol verilməməlidir;
- Kiçik və orta sahibkarlığa dəstək proqramı davam etdirilməlidir;
- İxrac imkanları genişləndirilməlidir.