Xəbər verildiyi kimi, dünən sentyabrın 22-də prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə dövlət başçısı Azərbaycanda faydalı qazıntılar sahəsində fəaliyyət göstərən və gələcəkdə bu sahədə işləyəcək yerli və xarici şirkətlərə xəbərdarlıq edib.
Dövlət başçısı bildirib ki, indiyədək ölkədə yaradılan sənaye parkları, o cümlədən aqroparklar özünü doğruldub:
«Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi».
İndi isə ölkənin qərbində Qərb Sənaye Parkı yaradılacaq və onun əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. «Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır».
İlham Əliyev bildirib ki, dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada filiz hasilatı və bir neçə zavodun, o cümlədən zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının yaradılması nəzərdə tutulur.
«Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun»-deyə dövlət başçısı bildirib.
İlham Əliyev bütün bu işlər zamanı ekoloji standartların qorunması ilə bağlı ayrıca tapşırıq verib və bu sahədə işləyəcək şirkətlərə xəbərdarlıq edib: "Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir»-deyə dövlət başçısı bildirib.












