Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: “Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var”.
Qeyd edək ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7,7 milyard manata yaxın olub. 2021-ci ildə isə vergi daxilolmalarının 7,25 milyard manata çatacağı proqnozlaşdırılır.
Göründüyü kimi, ötən il dövlət büdcəsinə vergi daxilolmaları əvvəlki illə müqayisədə 3,9% azalıb.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2021-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,3%-i və ya 5,67 milyard manatı qeyri-neft sektorunun, 21,7%-i və ya 1,58 milyard manatı neft sektorunun payına düşəcəyi güman edilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 5,4 milyard manat (75,1%) və 1,8 milyard manata (24,9%) bərabər olacağı gözlənilir.(APA)
Dövlət büdcəsinə ödənilən vəsait ölkəmizin qüdrəti və vətəndaşlarımızın sosial rifahıdır. Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var. Ötən il #DövlətVergiXidməti tərəfindən dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 18, 2021