Azərbaycanın qeyri-şəffaf dövlət qurumlarından olan «Azəristiliktəchizat» ASC 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında yarımçıq hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, sərbəst auditor Aydın Hüseynov tərəfindən tərtib edilmiş və rəsmi məlumatda açıqlanan yarımçıq hesabatda qurumun gəlir və xərcləri, eləcə də mənfəət və zərəri barədə heç bir məlumat yoxdur.
Bütünlüklə dövlət tərəfindən maliyyələşən və təqribən 188 milyon manatlıq aktivləri idarə edən təşkilatın maliyyə fəaliyyətinin mühüm məqamları ictimaiyyətə açıqlanmayıb.
Açıqlanan yarımçıq hesabata gəlincə, sənədə əsasən, 2020-ci ildə «Azəristiliktəchizat» ASC-nin aktivləri 235 min manat azalaraq 187 milyon 617,5 min manata enib.
Bu dövrdə təşkilatın torpaq, tikili və avadanlıqlarının ümumi dəyəri 157 milyon manatdan 153 milyon manata enib, pul vəsaitləri 1,6 milyon manat azalıb, debitor borcları isə təqribən 4 milyon manat artıb.
Təşkilatın kapitalı təqriğən 1 milyon manat artaraq 140 milyon manata yaxınlaşıb. Kapitalın tərkibində bölüşdürülməmiş zərər də var – 88,5 milyon manat. Əvvəlki ilin eyni göstəricisini müqayisə edəndə, bölüşdürüoməmiş zərərin 1 milyon manat azaldığı görünür. Bu da «Azəristiliktəchizat» ASC-nin 2020-ci ili təqribən 1 milyon manat xalis mənfəətlə başa vurduğuna işarə edir.
Təşkilatın öhdəlikləri isə təqribən 1,3 milyon manat azalaraq 47,7 milyon manata düşüb.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin vəzifəsi Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. Təşkilatın fəaliyyəti ilə bağlı rəsmi internet səhifəsində ən yeni məlumatlar 3 il əvvələ 2018-ci ilə aiddir.
Həmin məlumata görə, 3 il əvvəl ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. 31 dekabr 2018-ci il tarixə işçilərin siyahı sayı 2773 nəfər, o cümlədən daimi işçilər 1563 nəfər, mövsümü işçilər 1210 nəfər təşkil edir.