Azərbaycanın 10 milyon nəfər əhalisi var və 2 milyon nəfər əhalisi olan Ermənistana qarşı vuruşmaq üçün heç bir əlavə muzdlu döyüşçülərə ehtiycı yoxdur.
FED.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdəki çıxışında bildirib.
Verilişdə aparıcılar prezidentdən erməni tərəfinin yaydığı, Azərbaycanda guya Suriyadan olan muzdluların vuruşması barədə məlumatların dəqiq olub olmadığını soruşublar. İlham Əliyev bunu qətiyyətlə təkzib edib: «Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin».