2025-ci ilin birinci ayında Azərbaycanın yeyinti məhsullarının ixracı 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.
FED.az xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı”nın fevral sayında bildirilib.
İxrac olunan məhsullar arasında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar ayında aqrar məhsulların ixracı 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci, karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.