Türkiyənin Arçelik şirkəti, Hitachi şirkətilə Yaponiya xaricindəki ev alətləri bazarı üçün ortaqlıq qurduqlarını rəsmi olaraq açıqlayıb.
Eləcə də bax: Azərbaycan Türkiyəyə birbaşa investisiya qoyuluşunda ilk - 10-luqdadır
FED.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, Arçelik şirkəti Hitachi şirkətilə Yaponiya bazarı xaricindəki qlobal ev alətləri bazarında bir ortaqlıq yaradılması üçün səhm satınalma müqaviləsi imzalayıb.
Hitachi Hollandiyada şirkət quracaq
Razılaşmaya görə, Hitachi, Hollandiyada yeni bir şirkət quracaq, 12 şirkətini və bu şirkətlərin tərkibindəki ev alətləri biznes qolunun bütün aktivlərini yeni quracağı şirkətə təhvil verəcək. Arçelik qurulan bu şirkətin səhmlərinin 60%-ni 300 milyon dollara satın alacaq.
Əməliyyat, Hitachi-nin Tayland və Çində istehsal müəssisələri olan iki şirkətini və bölgədəki 10 satış şirkətini (Tayland, Çin, Honq-Konq, Tayvan, Sinqapur, Malayziya, İndoneziya, Orta Şərq, Vyetnam və Myanma) ehtiva edir. Bu şirkətlərin əsasən soyuducu, paltaryuyan maşın, elektrikli süpürgə, düyü bişirici, su nasosu və kondisioner satdığı qeyd edilib. Açıqlamaya görə, Tayland və Çindəki istehsal şirkətlərinin soyuducu və paltaryuyan maşın istehsalı gücü illik cəmi 3 milyon ədəddir.
Əməliyyatın 1 Aprel 2021-ci qədər tamamlanması planlaşdırılır.
Təhvil alınacaq Hitachi ev alətləri biznes qolunun 31 Mart 2020 tarixində sona çatan maliyyə dövründə xalis gəlirinin təxminən 1 milyard ABŞ dolları, mənfəətinin təxminən 70 milyon ABŞ dolları səviyyəsində olub. Şirkətlərin 3800-ə yaxın işçisi var. (Marja)