Oteli 12 ay dolu olan iş adamlarındandır. Deyir ki, minimum 6 ay işləyən otelə yatırım edər. Bayramdan bayrama dolan otelə yatırım etməyi uğursuz biznes yanaşması hesab edir. Söhbət Türkiyənin Sianji otellərinin idarə heyətinin sədri Recai Çakırdan gedir.
30 ildən çoxdur turizm sektorunda olan R.Çakır Bakıda olduğu müddətdə FED.az-ın turizmlə bağlı suallarını cavablandırdı.
Qeyd edək ki, R.Çakır Türkiyə İnvestorlar Birliyinin vitse-prezidenti, Türkiyə Ətraf Mühit və Təhsil Vəqfinin idarə heyətinin üzvü olub. Bodrum Tanıtma Vəqfinin qurucusudur.
- Bir ölkədə uğurlu turizm qurmaq üçün nədən başlamaq lazımdır?
- Əsas iki istiqaməti deyərdim. Birincisi, ölkədə hansı turizm imkanları olduğu müəyyən edilməli və turizmlə əlaqəli Baş planı hazırlanmalıdır. Sonra dövlət bu işi ələ alıb investorları investisiya yatırmağa təşviq etməlidir. İkincisi, dünyada turizm cəhətdən uğurlu ölkələr var. Onların təcrübəsini araşdırmaq, hər detalına baxmaq lazımdır. Hətta onlarla əlaqə qurmaqla, qardaş şəhərlər yanaşması ilə də işləmək olar.
Üçüncüsü, turizm üçün bu sahədə çalışacaq mütəxəssislər yetişdirilməlidir. Turizm təkcə bina tikməklə olmur. Orada işləyəcək, turizmi uğurlu edəcək kadrlar lazımdır. Yaxşı qonaqpərvərlik təhsili almalıdırlar. Ümumilikdə, turizmi qurmaq da kifayət deyil, onun dünyada təbliğatı da gözəl getməlidir.
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
- Azərbaycana tez-tez gəlirsiniz. Bir turist kimi yanaşsaq, nələri görürsünüz?
- Turist təəssüratı ilə baxsaq, dağ turizminiz olduğu görünür. Bir də Bakı və Xəzərin sahilində müəyyən turistik yerlər var. Düşünürəm ki, Azərbaycan turizmi hələ çox kəşf edilməyib. Sanki Azərbaycanın turist qəbul edəcək tək məkanı Bakıdır.
- Maraqlıdır, Bakı necə turizm şəhəridir?
- Şəhərin mərkəzi gözəl inkişaf etdirilib, 5 ulduzlu otellər çoxdur, alış-veriş yerləri, kafeləri və s. var. Amma əhatə dairəsi çox kiçikdir. Bunu genişləndirmək, bütün Bakıya yaymaq lazımdır. Ancaq şəhərin qədim orijinal quruluşundan imtina etməmək şərtilə. Hündürmərtəbəli binaları şəhər kənarında başqa bir yerdə inşa etmək yaxşı olar. Burada onlar yaxşı görünmür. Modern binaları şəhər kənarında edib həmin yerlərlə mərkəzi hissəni havadan gedən qatarlarla bağlayıb modern şəhər qura bilərsiniz.
Bakının orijinallığı, qədimliyi saxlanılsa, şəhər daha məşhur olar, “Hər kəsin Bakını görməsi lazımdır” düşüncəsi yarana bilər. Bunu pozsanız, qarışıq olsa, cəlbedicilik azalır. Bunu İstanbul da pozub. Böyük göydələnlər inşa edilib. Halbuki onlar tarixi faktorlar nəzərə alınaraq inşa edilməli idi. Bunlara diqqət edilsə, potensialınızı üzə çıxarsanız, hər il daha çox turist qəbul edə bilərsiniz.
Qadınlara həm gəlir gətirir, həm də inkişaf etdirir – Azərbaycanda yeni layihə – MÜSAHİBƏ
- Turizm obyektlərimizdəki xidməti necə görürsünüz?
- Xidmət anlayışında təlimsizliyi görürəm. Məsələn, ofisiantlar. Çox böyük restoranları çıxsaq, getdiyimiz restoranlarda ofisiantlar doğru xidmət göstərmir. Söhbət xalqın, turistlərin gedə biləcəyi restoranlardan gedir. Süfrələri dəyişmirlər, gigiyenik deyil, süfrəni gözəl görünür deyə istifadə edirlər. Ancaq hər müştəridən sonra süfrə dəyişməlidir. Dəyişmirsənsə, süfrə istifadə etmə.
Restoranlarda dekorasiyalar çox qarışıqdır, hər restoranın bir özünəməxsusluğu olmalıdır. Bakıdakı restoranların menyusu da çox qarışıqdır. Yemək təqdimatlarında problem var. Sadəcə françayz markalar yaxşıdır.
- Azərbaycanda otellər daha çox bayramlarda dolur. Həmin ərəfədə isə qiymətlər çox yüksək olur. Digər vaxtlar isə otellər boş qalır.
- Çünki “Bir müştəri çıxır, o biri müştəri gəlir” sistemи qurulmayıb. Azərbaycan hələ turizmdə gəlinə biləcək yerə gəlməyib. Sadəcə buranın əhalisi və yaxın ölkələrdən gələn insanlar sayəsində otellər özəl günlərdə dolur. Digər günlərdə o insanların otelə ehtiyacı yoxdur. Siz turist cəlb edə bilsəniz, 12 ay turist qəbul edərsiniz və o zaman qiymətləri yüksək təyin etmək məcburiyyətində qalmazsınız. Daha balanslı bir qiymət aralığı olar. Özəl günlərdə qiymət çox baha olmaz, digər günlərdə də çox düşməz.
- 12 ay turist cəlb etmək üçün necə bir xidmət qurulmalıdır?
- Mən öz təcrübəmizi misal çəkim. Hər kəs oteli bağlayıb gedir, biz 12 ay işləyirik. 13-14 sezondur ki, bunu edirik. Necə? Çünki 35 illik turizmçi olaraq xidmətlərimizi çeşidləndirdim. 5 ulduzluq otel tikmək yerinə, sağlamlıq oteli və içində rezidenslərlə 12 ay yaşana biləcək sistem qurdum. Bizim otel bir sağlam yaşam mərkəzidir. Həkimlərimiz, tibb bacılarımız, detoks mütəxəssislərimiz və s. var. 4 cür sağlıq proqramı hazırlamışıq. Biri arıqlamaq üçün, biri orqanizmin təmizlənməsi üçün, biri yaşlılar üçün, biri çiy qidalanmadır. Yer altından dəyərli su tapdıq, otelimizə gətirdik. Qaçışlar, yoqa və s. hamısı var. Sağlamlıqla bağlı hər şeyi oteldə qurmağa çalışmışıq. Həm istirahət edirlər, həm də sağlamlıqlarının qeydinə qala bilirlər. Tutaq ki yoldaşı detoks üçün gəlir, özü əylənmək. Hər ikisi üçün xidmətimiz var.
- Xidmətlərinizi çeşidləndirdiyinizi dediniz. Bəs sağlamlıq turizminin ən çox hansı istiqaməti bu gün turist cəlb edir?
«Azad edilmiş ərazilərdə istənilən sahibkar çalışa bilər, hamını dəvət edirik» - MÜSAHİBƏ
- Sağlamlıq problemi olanlar da var, estetik əməliyyat üçün gələnlər də. Məqsədlər fərqli ola bilir. Ancaq bunlarla kifayətlənmək olmaz. Bir də xəstə olmayan adamları sağlamlıq turizminə cəlb etməlisən. Məsələn, sağlam insanları fit hala gətirmək üçün proqramlar cəlbedici olur. Yaşlanmanı gecikdirən proqramın öz alıcısı var. 65 yaşdan yuxarı insanlar üçün turizm xidməti var. Bu xidməti göstərmək üçün bizim kimi otellərə ehtiyac var. İçərisində həkimi, tibb bacısı və s. nə lazımdırsa hamısı var. Təzyiqləri ölçülür, analizlər alınır. Xəstəxanalarla müqaviləmiz var, otelin içində turistə botoks edirik, saç əkirik. Hər birinin də öz alıcısı var.
- Azərbaycanda sağlamlıq turizminin potensialı genişdir, amma bu sahədə uğurlu ola bilmirik.
- Sağlamlıq turizmini inkişaf etdirmək çətin deyil, amma o da böyük plan istəyir. Düzgün xəstəxanalar, xəstəxanalar yaxınında düzgün otellər, otellərin yanında düzgün alış-veriş mərkəzləri və s. Belə bir zəncirvari planlamalar olmalıdır. Bunlarla bərabər yol yaxşı olmalı, təyyarə və s. məsələlər həll edilməlidir.
- Oteliniz 12 ay deyil, sezonda işləsəydi, gəliriniz arasında fərq nə qədər olardı?
- Mən sezonda işləyəcək otelə yatırım etməzdim. Ən az 6 ay işləyəcək oteldirsə, ona edərdim. Yoxsa yatırımın geri dönüşü üçün 40 il lazım gələr. Bu da sərfəli deyil.
- Otelləriniz yatırımı nə qədər müddətə çıxarıb?
- İlk otelim yatırımı 7 ildə çıxardı. O zaman otel az, qiymətlər yüksək idi. Yatırım xərcləri də indiki qədər çox olmurdu. Daha çox tətil, kənd havasında bir otel tikmişdik. Yaz oteli idi, qışda işləməzdi. İkinci otelim yatırımı 2 ilə çıxardı. Çünki birinci otel təcrübə oldu. Yatırımı daha tez necə çıxara biləcəyimi düşündüm.
- Necə etdiniz?
- Miks bir sistem qurduq. Otel tikərkən 100 otaq varsa, 50-sini rezidens edib onları satırsan, yatırımı çıxarırsan. Bundan sonra qazandığın sənə qalır. Rezidensləri də adətən bizə icarəyə verirlər, yenə də işlədirik.
- Bu gün turizmdə orqaniklik cəlbedicidir. Buna böyük pullar yatırılır. Siz də bunu edirsiniz. Bu gün turist əsas bunu istəyir?
- Turist tək bir şey istəmir. Mədəniyyət, sağlamlıq, din, dəniz və s. hər kəsin istəyi fərqlidir. Təbiilik və orqanik həyata dönüş isə bütün zamanların məşhurudur. Bu gün isə bu turizmdə yaxşı pul qazandırır. Otelimin yanında təbii fermamız var. Orada tərəvəzləri keçi gübrəsi ilə yetişdiririk. Heç bir dərman istifadə etmirik. Badımcanı yığıb badımcan kababı edirik. Pomidoru yığıb pomidor kababı edirik. Hər şey təbiətdən gəldiyi üçün inanılmaz tələb gördü.
Bodrumda Həvva ana deyə bir qadın var. Toyuqlarının altından yumurtanı alır, bağdan tərəvəzini yığır, bir dəfəyə 20-25 nəfərə səhər yeməyi verir. Hər kəs orda növbədə gözləyir. Bu da turizmin bir parçasıdır. Orqanik məhsullarla hazırlanan qidaları insanlar çox istəyirlər. Son illər hər şey kanserogen, kimyəvi olub. Ona görə orqanikliyin bir dəyəri var.
- O dəyər qiymət formasında çox baha olur...
- Ən azı 2-3 dəfə baha olur. Səbəbi də var. Məsələn, dərman istifadə edərək bir ərazidən 100 kiloqram pomidor alırsınız, amma təbii şəkildə yetişdirəndə, 30 kiloqram olur. Qiyməti də ona görə artırmağa məcburuq.
- Sizcə, Azərbaycanda 12 ay işləyən otel qurmaq mümkündür?
- Bu suala cavab vermək üçün mən investor olaraq hər bir məsələni araşdırmalıyam. Ölkənin turizm potensialına baxmalı, hansı tip otelin uğurlu ola biləcəyini müəyyənləşdirməliyəm. Harada tiksəm, müştəri gələcək? Hava yolu necədir? Çarterlər işləyirmi? Avropa, Amerika, İran, Türkiyə və başqa ölkələrdən təyyarə ilə gəliş nə dərəcə rahatdır? O potensiala baxmadan deyə bilmərəm. Siz dünyanın ən gözəl otelini tikin, yol yoxdursa, kimsə gəlməz. Özəl günlərdə gələn olacaq, amma başqa vaxt yox.
- Türkiyədə otel qiymətlərinin Yunanıstandan 2 dəfə ucuz olduğunu demisiniz. Siz Türkiyədə otel qiymətlərinin baha olmasının tərəfdarısınız?
- Baha deyil, dəyərində olmasını istəyirəm. Biz ölkəmizin xidmətlərini ucuz satırıq. “Hər şey daxil”i biz 155 avro ortalama ilə satarkən, Yunanıstan 365 avro, Portuqaliya 375, İspaniya 385, İtaliya 400, Fransa 420 avroya satır. Buradakı balanssızlıq nədir? Hamısı Akdeniz ətrafında, hamısından daha dəyərli yeni otellərimiz var. Buradakı problem siyasi - müsəlman ölkə olmağımızdır. Avropaya siyasi yaxın olmadığımızdan, son zamanlarda onlarla yaxşı yola getmədiyimizdəndir. Onlar xristian blokudur. Avropa Birliyi bizi heç bir zaman içinə almayacaq. Əhalimiz çox gənc və yüksəkdir. Avropa Birliyinə girsək, parlamentdə 3-cü böyük masaya sahib oluruq. Ona görə istəmirlər.
- Ancaq deyirlər ki, Türkiyə turizmi həm də qiymətləri münasib olduğu üçün cəlbedicidir. Türkiyə qiymətləri yüksək təyin etsə, yenə turist gələcək?
- Gələr. Turistləri Türkiyəyə gətirən səbəb qiymətlərin ucuz olması deyil. Suriyadan, Əfqanıstandan gələn milyonlarla insanın ölkələrinə göndərilməsi lazımdır. Sadəcə müsəlman ölkə olaraq tanınmamalıyıq. Daha demokratik, Atatürkün qurmuş olduğu yollardan gedən, Avropaya, Qərbə yaxın dövlət olması lazımdır. Son 15 ildir Orta Şərqə yaxın bir siyasət izlədik. Bu gün onun sıxıntısını çəkirik. O olmasa, bizim qiymət fərqimiz 20-25 faiz o ölkələrdən fərqli olardı.
- Azərbaycanda turizm qiymətləri Türkiyə, Gürcüstan ilə müqayisə yüksəkdir. Qiymətləri endirsək, ölkəmizə daha çox turist gələcəyi deyilir.
- Gözəl şəhər qurmusunuz, gözəl otellər tikmisiniz, amma bunlar bəlli günlərdə dolursa, bu sual haqqında düşünmək lazımdır. Bunları Avropaya hansı paketlərlə sataq? Dövlət böyüklərinin və vətəndaş cəmiyyəti institutlarının baş sındırıb buranı cazibəli hala gətirməsi lazımdır. Burada bahalı otellər tikildiyi üçün onlar da məcburən qiymətləri yüksək tuturlar. Siz qiymətləri endirsəniz də, turist gəlməz. Çünki yol yoxdur. Bir az Azərbaycan hava yollarını böyütmək, yatırım edib dünyanın hər yerindən uçuşlar qoyub bura insanları cəlb edəcək ucuz təyyarə, ucuz otel, həftə sonu əyləncə tətili, alış-veriş tətili kimi bir şeylər düşünmək lazımdır.
- Bu günün turistləri az xərcləyib, çox gəzmək istəyirlər. Belə dövrdə yüksək qiymətlə otel və digər turizm xidmətləri təklif etməklə nə dərəcədə uğurlu olmaq olar?
- Bir ölkənin turizmini qurarkən bir, iki, üç, dörd, beş ulduz, apart, motel, karavan turizmi olaraq çeşidləndirməli və buna görə işlər görülməlidir. Turistin qarnını 10 manata doyura biləcəyi restoran da olmalıdır, 1000 manata tutacağı otel də. Hamısına ehtiyac var. Sadəcə 5 ulduz otel tikmək yanlışdır. Türkiyə bu xətanı etdi. İndi Türkiyənin 100-də 75-i 5 ulduz otellərdir. Qiymətləri adam başına 70 avro olan da var, 170 avro da, 270 də. Hamısı 5 ulduz, amma xidmətləri eyni deyil. Hər şeyin lüks olmasını demirəm, turistin ehtiyacına görə hər şey olmalıdır.
- 5 ulduzlu otellərdə “Hər şey daxil” xidmətinin niyə tərəfdarı deyilsiniz?
- “Hər şey daxil” sisteminin 5 ulduzlu otellərdən qaldırılması lazımdır. Bizim oteldə də “Hər şey daxil”dir. Az qala hər adam başına bir ofisiant qoyuruq ki, bir şey boşa atılan kimi götürsün, masa təmiz görünsün. 5 ulduzlu otellərdə “Hər şey daxil”də insanlar bəzən o qədər kirlilik yaradır ki. Gedir 5 pivə alıb masaya qoyur. İçməsə də, orda qalır. 5-10 cür yemək yığır masaya. Yeməsə də, “zənginlik olsun” kimi düşünür. Həm görüntü səliqəsiz olur, həm də israfdır. Nə qədər varlı olsa da, pulla alsa, elə etmir. Süfrə təmiz, səliqəli olur.
Otaqda səhər yeməyi və lüks xidmət verənlərə 5 ulduz, daha üst seqmentə isə 5+ vermək olar. 3-4 ulduzlu otellərdə “Hər şey daxil” olsun.
Üstəlik, “Hər şey daxil” də turist oteldə daha çox vaxt keçirir. Belə olanda, ölkənin turizminə başqa istiqamətdə xeyir vermir, ölkəni tanımağa vaxt az sərf edir.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı