Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan “Jio Platforms” şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətinə çevirib.
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
FED.az xəbər verir ki, bununla da Ambaninin nəzarətində olan şirkətlər Hindistanda bazar dəyərinə görə ilk iki yeri tutublar.
Hindistanın ən böyük telekommunikasiya operatoru və rəqəmsal xidmət təminatçısı olan “Jio Platforms” oktyabrın 28-də səhmlərini ilk dəfə fond birjasında ticarətə çıxarıb.
“Google” və “Meta” şirkətlərinin də sərmayə yatırdığı “Jio Platforms”ın səhmləri IPO qiymətindən 25 faizdən çox yüksək səviyyədə ticarət olunaraq şirkətin bazar kapitallaşmasını 13 trilyon 50 milyard rupiyə, yaxud təxminən 137 milyard 100 milyon dollara çatdırıb.
Birjadakı ilk ticarət günü səhmlərin qiyməti IPO üzrə müəyyən edilmiş 1119 rupiyə qarşı 1419 rupiyə yüksəlib. Bu, təxminən 26,8 faiz artım deməkdir.
Oktyabrın 29-da isə şirkətin səhmləri əvvəlki bağlanış qiymətindən 3,3 faiz yüksək səviyyədə açılıb.
“Jio Platforms”ın IPO-su Hindistanda indiyədək həyata keçirilmiş ən böyük ilkin səhm yerləşdirmələrindən biri olub. Şirkət IPO vasitəsilə təxminən 3 milyard 200 milyon dollar vəsait cəlb edib.
Milyarder sevinc göz yaşlarını saxlaya bilməyib
“Jio Platforms”ın səhmlərinin birjada ticarətə başlaması ərəfəsində keçirilən mərasimdə şirkətin əsas sahibi Mukeş Ambani emosional anlar yaşayıb. Ambaninin üç övladı “Jio”nun yaradılması və inkişafı tarixindən danışaraq qarşıdakı 50 il ərzində investorlar üçün dəyər yaratmaq niyyətlərini açıqlayıblar. Övladlarının çıxışını dinləyən milyarder sevinc göz yaşlarını saxlaya bilməyib. Mərasim Ambani ailəsi üçün yalnız şirkətin birjaya çıxışı deyil, həm də illər ərzində telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsinə yatırılmış investisiyaların nəticəsi kimi qiymətləndirilib.
Mukeş Ambaninin əsas şirkəti “Reliance Industries” IPO-dan sonra “Jio Platforms”da 64 faizdən çox payını qoruyub.
Beləliklə, Ambani “Reliance Industries” və “Jio Platforms” vasitəsilə Hindistanın bazar kapitallaşmasına görə iki ən böyük şirkətinə nəzarət edir.
“Reliance” Hindistanın ən dəyərli biznes qrupuna çevrilib
“Jio Platforms”ın uğurlu birja debütü Ambani ailəsinin nəzarətində olan “Reliance” Qrupunun ümumi bazar dəyərini də yüksəldib. Bloomberg-in məlumatına əsasən, qrupun birjada ticarət olunan şirkətlərinin ümumi bazar kapitallaşması 30 trilyon rupiyə çataraq təxminən 320 milyard dollar təşkil edib.
Bununla da “Reliance” Qrupu bazar dəyəri təxminən 25 trilyon rupi olan “Tata” Qrupunu geridə qoyaraq Hindistanın ən dəyərli biznes qrupu mövqeyinə yüksəlib.
Bu qiymətləndirmə qruplara daxil olan birjada ticarət edilən şirkətlərin bazar kapitallaşmalarının cəminə əsaslanır.
“Jio Platforms” milyardlarla dollarlıq borcunu azaldıb
Analitiklərin fikrincə, IPO-dan əldə edilən vəsaitlər “Jio Platforms”ın maliyyə vəziyyətinin yaxşılaşmasına kömək edə bilər. Şirkətin səhmlərinin təxminən 3 faizlik hissəsinin yerləşdirilməsi nəticəsində təxminən 300 milyard rupi həcmində köhnə telekommunikasiya borcunun azaldıldığı bildirilir.
ABŞ-da fəaliyyət göstərən “Ansid Capital” investisiya şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Anuraq Sinq (Anurag Singh) CNBC-yə bildirib ki, “Jio”nun kiçik həcmdə səhm yerləşdirməsi ilə böyük məbləğdə borc yükünü azaltması diqqətçəkən nəticədir.
Analitiklərin qiymətləndirməsinə görə, IPO vəsaitlərinin borcların ödənilməsinə yönəldilməsi, eləcə də 5G infrastrukturuna investisiya dövrünün zəifləməsi qarşıdakı illərdə şirkətin sərbəst pul axınının yaxşılaşmasına imkan verə bilər.
Bununla yanaşı, birjadakı güclü bahalaşmadan sonra şirkətin qiymətləndirilməsinin artıq yüksək səviyyəyə çatdığı barədə xəbərdarlıqlar da səsləndirilir.
“Jio Platforms” ABŞ telekommunikasiya nəhəngləri ilə müqayisə olunur
“Jio Platforms”ın bazar dəyərinin 137 milyard dollara çatması şirkəti dünyanın ən iri telekommunikasiya operatorları ilə müqayisə edilə bilən səviyyəyə yüksəldib.
LSEG məlumatlarına əsasən, ABŞ-ın “AT&T” şirkətinin bazar kapitallaşması təxminən 139 milyard dollar, “Verizon Communications” şirkətinin isə 179 milyard dollar təşkil edir.
Anuraq Sinq bildirib ki, “Jio”nun mövcud qiymətləndirilməsi investorların Hindistan iqtisadiyyatının gələcək inkişafına dair çox yüksək gözləntilərini əks etdirir.
Onun fikrincə, şirkətin birjadakı qiymətində gələcək böyümə imkanlarının əhəmiyyətli hissəsi artıq nəzərə alınıb.
Bu isə növbəti dövrlərdə səhmlərin gəlirliliyinin şirkətin əməliyyat nəticələrinin yaxşılaşmasından daha çox asılı olacağı deməkdir.
Yarım milyarddan çox müştərisi var
“Jio Platforms” Hindistanın telekommunikasiya və rəqəmsal xidmətlər bazarında ən böyük müştəri bazalarından birinə sahibdir.
Hindistanın “Angel One” broker şirkətinin baş analitiki Vakarcaved Xan (Vaqarjaved Khan) bildirib ki, “Jio”nun 500 milyondan çox müştərisi var. Onun sözlərinə görə, şirkətin əməliyyat mənfəət marjası 52 faiz, xalis borcun əməliyyat mənfəətinə nisbəti isə 0,36 səviyyəsindədir. Analitik qeyd edib ki, şirkətin səhm qiymətinin mənfəətə nisbəti (P/E) təxminən 34-ə çatıb. Bu, investorların şirkətin gələcək inkişaf potensialını artıq yüksək qiymətləndirdiyini göstərir.
Onun fikrincə, gələcəkdə səhmlərin investorlara qazandıracağı gəlir əsasən bir istifadəçidən əldə edilən orta gəlirin artırılmasından və süni intellekt xidmətlərinin inkişafından asılı olacaq.
“Jio” süni intellekt və peyk rabitəsinə yönəlir
“Jio Platforms”ın idarəedici direktoru, Mukeş Ambaninin böyük oğlu, 35 yaşlı Akaş Ambani (Akash Ambani) şirkətin gələcək inkişaf strategiyasında yeni texnologiyaların əsas yer tutacağını bildirib.
O, qarşıdakı 10 il ərzində Hindistanda insanların həyatını dəyişdirə biləcək texnologiyaların daha əlçatan edilməsinin hədəfləndiyini açıqlayıb.
Şirkətin prioritet istiqamətləri arasında süni intellekt, bulud texnologiyaları, internetə qoşulan cihazlar və kosmik infrastruktur vasitəsilə rabitə xidmətləri yer alır.
“Jio Platforms” peyk rabitəsi bazarında da fəaliyyətini genişləndirməyi planlaşdırır.
Bu istiqamətdə şirkətin planları İlon Maskın (Elon Musk) “Starlink” layihəsi ilə rəqabəti də gündəmə gətirib.
Məlumata görə, İlon Mask oktyabr ayında “Starlink”in Hindistanda fəaliyyətə başlamasının gecikməsi ilə bağlı Ambani ailəsini tənqid edib.
Beləliklə, “Jio Platforms”ın birjada uğurlu debütü Hindistanın telekommunikasiya sektorunda yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, “Reliance” Qrupunun rəqəmsal xidmətlər və süni intellekt sahəsində genişlənmə strategiyasının da mühüm hissəsinə çevrilib.














