ABŞ-nin texnologiya nəhəngləri “Amazon” və “Intel”in səhmləri üçüncü rübün maliyyə nəticələrinin açıqlanmasından sonra kəskin ucuzlaşıb. Oktyabrın 30-da ABŞ fond birjalarında əsas ticarət sessiyası başlamazdan əvvəl “Amazon”un səhmləri 7 faiz, “Intel”in səhmləri isə 25 faiz dəyər itirib. Texnologiya şirkətlərinin səhmlərinə satış təzyiqinin artması “Nasdaq-100” indeksinin fyuçerslərini də 2 faiz aşağı salıb.
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
FED.az xəbər verir ki, investorların narahatlığına səbəb şirkətlərin açıqladığı maliyyə nəticələri, zəif proqnozlar və süni intellekt sahəsinə yönəldilən böyük investisiyaların gəlirliliyi ilə bağlı suallardır.
“Amazon”un səhmləri 7 faiz ucuzlaşıb
“Amazon”un səhmləri birjaöncəsi ticarətdə 7 faiz ucuzlaşıb. Şirkətin 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələri investorların gözləntilərini doğrultmayıb.
“Amazon” həm gəlir, həm də mənfəət göstəriciləri üzrə bazar proqnozlarından zəif nəticələr açıqlayıb. Bununla yanaşı, şirkət 2026-cı il üçün kapital xərcləri proqnozunu dəyişməyərək 220 milyard dollar səviyyəsində saxlayıb.
Əsas narahatlıq yaradan məqamlardan biri şirkətin ardıcıl ikinci rübdə mənfi sərbəst pul axını qeydə almasıdır.
Üstəlik, üçüncü rübdə mənfi sərbəst pul axınının həcmi əvvəlki rüblə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Bu, “Amazon”un genişmiqyaslı investisiya proqramının qısamüddətli dövrdə pul vəsaitlərinin hərəkətinə təzyiq göstərdiyini nümayiş etdirir.
İnvestorlar süni intellekt infrastrukturu, məlumat mərkəzləri və digər texnoloji layihələrə ayrılan milyardlarla dolların nə zaman daha yüksək gəlir gətirəcəyini qiymətləndirməyə çalışırlar.
“Intel”in səhmləri 25 faiz ucuzlaşıb
Daha kəskin ucuzlaşma ABŞ-nin prosessor istehsalçısı “Intel”in səhmlərində müşahidə olunub. Şirkətin səhmləri birjaöncəsi ticarətdə 25 faiz dəyər itirib. Buna səbəb “Intel”in açıqladığı gələcək dövr üzrə maliyyə proqnozlarının analitiklərin gözləntilərindən zəif olmasıdır.
Şirkət zəif proqnozlarını qlobal fərdi kompüter bazarında tələbatın aşağı səviyyədə qalması ilə əlaqələndirib.
Kompüter satışlarının azalması prosessor istehsalçıları üçün sifarişlərin və gəlir imkanlarının məhdudlaşması riskini artırır.
“Intel”in zəif proqnozları yalnız şirkətin öz səhmlərinə deyil, ümumilikdə yarımkeçirici sənayesinə investor münasibətinə də təsir göstərib.
“Nasdaq-100” fyuçersləri 2 faiz geriləyib
Texnologiya şirkətlərinin səhmlərindəki ucuzlaşma ABŞ fond indekslərinə də təsir edib. Oktyabrın 30-da səhər saatlarında “Nasdaq-100” indeksinin fyuçersləri təxminən 2 faiz azalıb. Bu isə texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi indeksin həftəni mənfi nəticə ilə başa vurması riskini artırıb.
Bununla belə, oktyabrın 29-da ticarət sessiyasının bağlanışına olan məlumata görə, “Nasdaq Composite” indeksi ilin əvvəlindən 12 faizdən çox yüksəlmişdi.
Beləliklə, son günlərdəki satış dalğasına baxmayaraq, texnologiya sektoru üzrə indeks ilin əvvəlindən müsbət nəticəsini qoruyub.
Çip istehsalçılarının səhmləri də ucuzlaşıb
“Amazon” və “Intel”in maliyyə nəticələrindən sonra digər texnologiya şirkətlərinin səhmlərində də ucuzlaşma müşahidə olunub.
ABŞ-də birjaöncəsi ticarətdə “Micron”, “Nvidia” və “Arm” şirkətlərinin səhmləri geriləyib.
Avropada isə yarımkeçirici sənayesi üçün avadanlıq istehsal edən “ASML” və sektorun digər aparıcı şirkətlərinin səhmlərində ciddi azalma qeydə alınıb. Bu dinamika investorların narahatlığının ayrı-ayrı şirkətlərlə məhdudlaşmadığını, texnologiya sektorunun daha geniş hissəsini əhatə etdiyini göstərir.
“Alphabet” bir gündə 13 faiz dəyər itirib
Texnologiya şirkətləri üçün həftənin ən diqqətçəkən hadisələrindən biri “Google”un ana şirkəti “Alphabet”in səhmlərinin kəskin ucuzlaşması olub. Oktyabrın 29-da “Alphabet”in səhmləri 13 faiz geriləyərək şirkətin tarixində ən böyük birgünlük faiz azalmasını qeydə alıb. Şirkətin maliyyə hesabatında mənfi sərbəst pul axınının əhəmiyyətli dərəcədə artması investorların narahatlığını gücləndirib.
“Alphabet” də süni intellekt infrastrukturu və məlumat mərkəzlərinə böyük həcmdə investisiya yatıran texnologiya şirkətləri sırasındadır. Bunun əksinə olaraq, “Microsoft”un səhmləri maliyyə nəticələrinin açıqlanmasından sonra bahalaşıb. Şirkətin sentyabrda başa çatan rübdə müsbət pul axınını qoruması investorlar tərəfindən müsbət qarşılanıb.
Beləliklə, bazar iştirakçıları texnologiya şirkətlərini qiymətləndirərkən təkcə gəlir və mənfəət artımına deyil, həm də investisiyaların pul axınına təsirinə diqqət yetirirlər.
İnvestorlar süni intellektə milyardlarla dollarlıq xərclərdən narahatdırlar
Texnologiya sektorundakı ucuzlaşmanın əsas səbəblərindən biri süni intellektə ayrılan böyük kapital xərclərinin gələcək gəlirliliyi ilə bağlı qeyri-müəyyənlikdir. ABŞ-nin aparıcı texnologiya şirkətləri məlumat mərkəzlərinin tikintisinə, süni intellekt çiplərinin alınmasına, hesablama infrastrukturuna və yeni texnologiyaların inkişafına yüz milyardlarla dollar yönəldirlər. Lakin investorlar həmin investisiyaların nə qədər müddət ərzində geri qayıdacağını və şirkətlərin sərbəst pul axınlarına necə təsir göstərəcəyini qiymətləndirməyə çalışırlar.
“Raymond James” investisiya şirkətinin baş bazar strateqi Mett Orton (Matt Orton) CNBC-yə bildirib ki, mövcud vəziyyəti texnologiya sektoru üçün həlledici böhran kimi qiymətləndirmək düzgün olmaz.
Bununla belə, o, investorların texnologiya səhmlərinə yönəlmiş investisiyalarının hələ də yüksək konsentrasiyaya malik olduğunu nəzərə almalı olduqlarını vurğulayıb.
Ortonun fikrincə, qısamüddətli dövrdə bazardakı ucuzlaşma investorlar üçün çətinlik yaratsa da, süni intellekt investisiyalarından faydalanan şirkətlərin fundamental göstəriciləri ümumilikdə güclü qalır.
Strateq texnologiya şirkətlərinin müvəqqəti olaraq mənfi sərbəst pul axınına keçməsini də məqbul hesab etdiyini bildirib.
Onun sözlərinə görə, əsas məsələ bu vəziyyətin müvəqqəti olması və böyük kapital xərclərinin gələcəkdə şirkətlərə gəlir gətirməsidir.














