"Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni hazırlanmış qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir
FED.az xəbər verir ki, sənəd Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə görə, korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu da gəlir vergisindən azad olunacaq.
Sənəddə qeyd edilib ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək.
Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Məbləğ müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Sənəddə həmçinin vurğulanıb ki, əlavə olaraq, cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödəniləcək.
Beləliklə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsait və ya təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə veriləcək.
Layihədə həmçinin vurğulanıb ki, korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumları həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək.
Belə ki, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10 min manat məbləğində birdəfəlik müavinət ödəniləcək.
Sənədə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olarsa, onların verilməsi qanunazidd açıqlanma hesab edilməyəcək.
Eyni zamanda layihəyə görə, şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilməyəcək.
Bundan əlavə, qanun layihəsi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafatın gəlir vergisindən azad olunması nəzərdə tutulur.
Yeni qanunun layihəsindən irəli gələrək Əmək, Cinayət-Prosessual Məcəllələrində "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında" qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulur.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.













