Müsahibimiz “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov öz uğurlu biznes hekayəsini bölüşür.
-Seymur bəy, yəqin ki, biznesdə bəxt çox vacibdir. Necə düşünürsünüz?
- Nəinki biznesdə, ümumiyyətlə, bəxt həyatda çox vacibdir. Mən heç vaxt biznesi həyatdan ayırmamışam. Biznesdə uğurlu olmaq üçün nə etmək lazımdır? Mən bu suala həmişə sualla cavab verirəm: Həyatda uğurlu olmaq üçün nə etmək lazımdır? İlk növbədə insanın bəxti gətirməlidir ki, valideynləri ona təhsil verə bilsinlər. Daha sonra o, yaxşı insanlarla tanış olsun, həmçinin özündə də müəyyən xarakterik xüsusiyyətləri cilalasın. Biz bilirik ki, bəzi xasiyyətlərimizi təbiət bizə bəxş edir, bəzilərini isə biz özümüzdə inkişaf etdiririk. Amma çox vaxt təbiətən malik olduğumuz xasiyyətləri inkişaf etdirə bilirik. Məsələn, rəsm çəkməyi bacarmayan insan bu peşə ilə nə qədər məşğul olursa-olsun, o, rəssam kimi böyük nailiyyətlər əldə edə bilməyəcək. Ona görə həmişə fəlsəfi yanaşaraq belə qənaətə gəlirəm ki, bəxt və bacarıq üst-üstə düşərsə, uğur da qazanacaqsan.
Öz həyat hekayəmə nəzər salanda mənim bəxtim onda gətirib ki, institutun 5-ci kursunda oxuyarkən bizim kafedraya 2 ədəd IBM kompüteri gətirildi və mən də daxil olmaqla, 3 əlaçı tələbə müəllimlər üçün təşkil olunan proqramlaşdırma kurslarında iştirak etmək şansı qazandı. Təbii ki, biz gənc olduğumuz üçün kurslarda proqramlaşdırma işini daha tez öyrəndik və texnologiyalara yiyələndik. Kursları uğurla bitirəndən sonra isə biz kafedrada qaldıq və avtomatik olaraq, 3 aydan sonra çox güclü mütəxəssisə çevrildik. Çünki o zaman kafedrada bu kompüterlərdə bizdən yaxşı işləyən və proqramlaşdırmanı yaxşı bilən yox idi. Hesab edirəm ki, bu da bir bəxtdir.
- Seymur bəy, belə anladım ki, “Simbrella”nın əsası da elə həmin 2 ədəd IBM kompüteri ilə qoyuldu...
- Tamamilə doğrudur. Beş il mexanika mühəndisliyi ixtisası üzrə oxuyan gənc 3 həftə ərzində kompüter mühəndisinə çevrildi. Nəticə etibarilə kompüterə, kompüter texnologiyalarına, İT texnologiyalarına vuruldum, öyrəndim və 2000-ci ildə bu istiqamətdə öz biznesimi qurdum.
-Şəhərimizin həm biznes dünyasında, həm də sıravi insanları arasında tanınan brendlər var. “Simbrella” Azərbaycan biznes icmasında o qədər də məşhur ad deyil. Lakin şirkətin veb-saytına nəzər yetirən insan başa düşür ki, siz kifayət qədər uğurlu beynəlxalq brendsiniz. Bu fəlsəfəni əvvəldən həyata keçirmək fikri var idi, yoxsa müəyyən düşüncə prosesinin nəticəsində belə qərara gəldiniz?
- Əslində bu sualın çox sadə cavabı var. Biznesə yeni başlayanda Azərbaycanda mövcud 3 mobil operatorun hər birinə məhsul xidməti təklif etmişdik və hər 3-ü də bizi tanıyırdı. Yəni yerli bazarda bütün gözləntilərimizə çatmışdıq. Daha sonra artıq beynəlxalq arenaya çıxmağı hədəf seçdik. Biz beynəlxalq bazara çıxanda da əslində bizi tanıyanlar mobil operatorlar idi. Dünyada mövcud 600 mobil operatorla əlaqələr qurmuşduq və beynəlxalq mobil operator biznesində “Simbrella” brendi tanınırdı. Biz yalnız mobil operatorlar üçün Beynəlxalq GSM Assosiasiyasının Barselonada keçirdiyi sərgidə iştirak edir, partnyorlarla görüşür və maraqlı klub halına gəlmişdik. Son 3 ildə fəaliyyət istiqamətimizi dəyişmişik. Əvvəl müştərilərimiz sadəcə mobil operatorlar idisə, indi artıq banklar və digər maliyyə qurumları ilə də əməkdaşlıq edirik.
- Azərbaycan bazarı o qədər də tanınmadığına görə, bu bazarın məhsulu beynəlxalq aləmdə bir növ qəribə və ekzotik qarşılana bilər. Bu baxımdan ilk dəfə öz məhsullarınızı yeni ölkədə, beynəlxalq bazarda təklif edəndə müəyyən stereotiplərlə qarşılaşdınızmı?
- Biz GSM sferasında işləyirdik. GSM Assosiasiyası beynəlxalq qurumdur. Məsələn, siz Myanmada özbək və ya türk mütəxəssislərin mobil operatorda işlədiyini görə bilərsiniz. Avstraliyaya yaxın adalarda azərbaycanlı mühəndisin texniki müdir kimi çalışdığının şahidi olmuşam. Yəni bu bazar beynəlxalq olduğuna görə, hansısa stereotiplərlə qarşılaşmadıq. Digər tərəfdən bizim bəxtimiz onda gətirmişdi ki, biz o xidməti ilk dəfə Azərbaycanda qurmuşduq. Burada bizi tanıyırdılar, inanırdılar, çox böyük nəticələr əldə etmişdik. Təsəvvür edin ki, xidməti göstərməyə başlayan zaman 3-4 gün ərzində artıq 700 mindən çox insan bizim xidmətdən istifadə etmişdi. Bu da bazarda gözlənilməz maraq doğurdu.
- Bu, hansı xidmət idi?
- İndi dünyada bu məhsulu hamı tanıyır. Amma o zaman üçün ilk və unikal idi. SimKredit deyilən bir xidmət var. Bu xidmət nədir? Sadə dillə izah etsək, SimSim abonentləri balansına pul yatırır və həmin pul bitənə kimi mobil xidmətdən istifadə edə bilir. Balansda pul bitən kimi xidmət dayandırılır. Biz həmin anda müştəriyə təklif edirik ki, o, SMS göndərərək balansına borc pul yatırsın. Sonradan balansını artıranda həmin borc pul balansdan silinəcək. Bu təklifə görə müəyyən xidmət haqqı alırıq. Hansı müştəriyə nə qədər kredit verilməsini isə bizim sistemimiz dəyərləndirir. Bu məhsulu təklif etməklə hansı imkanları yaradırıq? İlk növbədə abonentin xidmətdən istifadəsinə davam etməyini təmin edirik. Həmçinin müştəri tərəfindən operatora qayıtmayan borcu da biz qarşılayırıq .
- Onda belə çıxır ki, həm operator, həm istehlakçı, həm də siz qazanırsınız...
Tamamilə doğrudur. Bu, hər kəsin maraqlarını təmin edir. Rəqəmlər həddindən artıq kiçik olduğundan heç kəs buna görə telefon nömrəsindən imtina etməyəcək. Ən önəmlisi isə abonent zəruri məbləği ona lazım olan anda alıb xidmətdən istifadəyə davam edə bilir. Eyni zamanda rabitə imkanlarını da itirmir.
- Siz özünüzü dünya vətəndaşı hesab edirsiniz və biznesiniz beynəlxalq səviyyəlidir. Bəlkə də şablon sual kimi səslənə bilər. Biznesinizin artıq Azərbaycanın hüdudlarını aşıb beynəlxalq layihəyə çevrilməsi sizin həyatınıza təsir etdimi?
- Həyatımıza, sözsüz ki, təsir etdi. Həm dünyagörüşümüzün artmasına, həm də yeni ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağımıza imkan yaratdı. Bir maraqlı məqama toxunum. Biznesə başlayanda bazar iqtisadiyyatı, maliyyə bazarı və investisiyalar barədə o qədər də geniş təsəvvürümüz yox idi. Biz sadəcə öz gücümüz hesabına böyüməyə çalışan şirkət olmuşuq. Məsələn, heç təsəvvür belə etmirdik ki, həmin anda Kaliforniyaya gedib şirkət açsaydıq, bəlkə də daha tez böyüyərdik və daha geniş bazarı əhatə edərdik. Çünki həmin dövrdə ölkəmizdə gözləmədiyimiz dərəcədə qazandığımız nailiyyətlər bizi o qədər qane edirdi ki, düşünmürdük ki, hansısa ölkəyə gedək və böyük bir şirkət olaq. Yəni biz bu yolu yavaş-yavaş keçmişik.
- Azərbaycanın da gələcəkdə öz İlon Maskı ola bilərmi? Doğrudan da biz bunu gələcəkdə görə bilərikmi?
-Niyə də yox? Əlbəttə, görə bilərik. Sovet dövrünə nəzər salaq. Azərbaycanlı alimlər kifayət qədər yüksək səviyyələrə gəlib çıxmışdılar. Hazırda bizim beynəlxalq mühitə alışmağımız lazımdır. Biz hələ bazar iqtisadiyyatında işləməyə öyrəşməmişik. Mən Azərbaycanı Hindistanla yox, əhali sayına görə Finlandiya ilə müqayisə edərdim. Çünki Hindistan əhalisinin sayı milyard yarımdır və oradan CEO (baş icraçı direktor – red.) çıxmaq şansı daha çoxdur. Yəni ehtimal nəzəriyyəsinə görə çoxdur. Hindistan İngiltərə müstəmləkəsi olub və anqlosaks mədəniyyətinə daha yaxındır və hindistanlılar özlərini həmin mühitdə yaxşı hiss edirlər. Anqlosaks cəmiyyətləri də hindistanlılarla yüz illərdir ki, birgə çalışırlar. Düşünürəm ki, əslində mümkün olmayan heç nə yoxdur. Azərbaycanın da texnologiyalar sahəsində dünyaşöhrətli alimləri olacaq. Bizim bəlkə daha çox anqlosaks dünyasına inteqrasiyamız lazımdır.
- Seymur bəy, müsabiqənin münsiflər heyəti nəticə etibarilə sizi qalib seçdi. Bu da “Simbrella”nın uğurlu biznes olduğunun rəmzidir. Bəs beş ildən sonra “Simbrella” özünü harada görür?
- Hazırda bizim müəyyən strateji hədəflərimiz var. O hədəflərin nə dərəcədə doğru olduğunu, əlbəttə ki, zaman göstərəcək. Biz çətin illər keçirdik. Bu çətinlik nədə idi? “Simbrella” uzun illər bir məhsul şirkəti olub. SimKreditin gəlir gətirmə prosesi 6 aydan 3 ilə qədər çəkirdi. Digər tərəfdən isə rəqiblər dayanmadan işləyirdi. Elə bir mərhələyə gəlib çatmışdıq ki, dünyada bir operator belə qalmamışdı ki, həmin xidmətdən istifadə etməsin. Bəzilərində bizim, bəzilərində isə rəqiblərin təklif etdikləri xidmət işləyirdi. O zaman anladıq ki, bizim satış imkanlarımız tükənib, artıq inkişaf etməyi və böyüməyi bacarmayacayıq. Araşdırmalar apardıq və üç il bundan əvvəl belə bir qənaətə gəldik ki, bizim işlətdiyimiz texnologiyalar banklarda mövcud deyil. Çünki bankların heç vaxt iri həcmdə informasiyanın qısa müddətdə emal edilməsi və qərar vermə sistemlərinə ehtiyacı olmayıb. Amma indi banklar transformasiyaya məruz qalırlar. Digər məsələ isə maliyyə sektorundakı fəaliyyətləri asanlaşdırmaq üçün yeni texnologiyaların – FinTech-in yaranmasıdır. FinTech bir növ bankların müştərilərə təklif etdikləri xidmətləri onlardan daha tez və rahat göstərir. Banklar müştərilərini itirməsin deyə, daxili sistemlərində dəyişiklik etməlidirlər. Bunun üçün isə külli miqdarda vəsait və resurs lazımdır. Bu zaman biz banka yeni təkliflə müraciət edirik. Onlar üçün elə bir xidmət yaradırıq ki, FinTech həmin xidməti bankın əlindən ala bilməsin. Kiçik kreditlərin alınması qərarının avtomatlaşdırılması, rəqəmsallaşdırılmasını biz edirik. Beləliklə, operatorlardakı texnologiyanı banka gətirmiş oluruq. Bu, banklarda maraq doğurur. Həmçinin mobil cüzdan şirkətlərinin bizim bu xidmətə ehtiyacı var. Digər tərəfdən biz Big Data istiqamətinə yönəlmişik. Bu nədir? Mütəxəssislərimiz operatorlarda toplanmış həddindən artıq verilənlər bazasını emal edib ondan müəyyən məhsul hazırlayıb bazara çıxarmaq və satmaq üçün xidmət yaradıb. Bu xidməti hələ ki, bir operatorda – 45 milyon abonenti olan Nigeriya operatorunda qurmuşuq.
- Seymur bəy, siz indi maraqlı mövzuya toxundunuz. Dediniz ki, biz belə bir məqama gəlib çatdıq ki, artıq bir məhsul deyil, yeni məhsullar, yeni mənalar yaradıb onları inkişaf etdirək. Siz Bakıda oturaraq nələri izləyirsiniz ki, yeni mənaları düşünə biləsiniz? Gələcəyin harada olduğunu anlamaq üçün trendləri necə izləyirsiniz?
- Mənim çox güclü komandam, həmkarlarım var. Menecerlərimizin hər biri ayrılıqda böyük bir şirkəti idarə edə biləcək səviyyədədir. Gördüyümüz işin məqsədi əslində pul qazanmaq deyil. Biz düşünürük ki, işimizi yaxşı qurmalıyıq. Yaxşı qurulan iş sonda maliyyə baxımından da nəticə verir. Amma sən yalnız pulu düşünsən, iş prosesini də doğru qurmayacaqsan. Bəlkə də gördüyün işin nəticəsi yaxşı olacaq, amma o, dayanıqlı olmayacaq, istədiyin mühiti yarada bilməyəcəksən. Biz bir-birimizə hörmətlə yanaşır və mümkün mənbələrdən informasiyanı alıb qarşılıqlı mübadilə aparır və müəyyən məntiqi qərarlara gəlirik.