Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan “PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
FED.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC tərəfindən emissiya edilən ümumi həcmi 15 milyon manat olan korporativ istiqrazlar 30 oktyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın anderrayterliyi ilə açıq yerləşdirmə üsulu ilə tam həcmdə yerləşdirilib.
İnvestorların yüksək fəallığı ilə müşayiət olunan yerləşdirmə çərçivəsində 101 fiziki və 9 hüquqi şəxs olmaqla, ümumilikdə 110 investor tərəfindən 110 sifariş təqdim edilib. İnvestorlar tərəfindən istiqrazlara ümumilikdə 45 milyon 355 min 400 manat həcmində sifariş daxil olub. Nəticədə, istiqrazlara tələb təklif olunan həcmi 3 dəfədən çox üstələyib.
İstiqraz emissiyasının 100 %-lik yerləşdirilməsinə nail olunması “PAŞA Kapital”ın korporativ qiymətli kağızlar bazarındakı güclü mövqeyini və anderraytinq sahəsində peşəkar təcrübəsini bir daha nümayiş etdirir.
Faktiki yerləşdirilmiş istiqrazların investorlar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb:
- Hüquqi şəxslər: 14 976 100 AZN (99,84%);
- Fiziki şəxslər: 23 900 AZN (0,16%).
Beləliklə, yerləşdirilmiş istiqrazların əsas hissəsi hüquqi şəxslərin payına düşüb.
Hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz investorlara illik 10% kupon gəliri və 12 aylıq tədavül müddəti ilə təqdim edilib. İstiqrazlar üzrə kupon ödənişləri rüblük əsasda həyata keçiriləcək.
“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.














