Avstraliyada keçirilən Qlobal Sahibkarlar Konqresində (GEC2023) Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) və “GEN Azərbaycan” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
KOBİA Avstraliyada çalışan Azərbaycan iş adamlarına dəstək olmağa hazırdı - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, GEN-in prezidenti Conatan Ortmans və “GEN Azərbaycan”ın icraçı direktoru Seymur Hüseynov imzalayıblar.
Memorandumda yerli startap layihələrinə investisiyaların cəlb edilməsi, onları potensial investorlar və maliyyə mənbələri ilə əlaqələndirmək, beynəlxalq bazarlara çıxışda kömək etmək, bacarıq və biliklərinin gücləndirilməsinə yönəlmiş seminar, təlim və mentorluq proqramlarının, startap müsabiqələrinin, sahibkarlığa dair birgə tədbirlərin təşkili, Azərbaycanın sahibkarlıq ekosistemi ilə beynəlxalq tədqiqat qrupları arasında əlaqələrin genişləndirilməsi, sahibkarlıq və startap fəaliyyəti ilə bağlı məlumat və təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Melburn şəhərində dünyanın 30 ölkəsindən dövlət rəsmiləri, iş adamları və startapların iştirak etdiyi GEC2023 çərçivəsində təşkil olunan “Startaplar üzrə nazirlər görüşü” tədbirində O. Məmmədov Azərbaycanın innovasiya ekosistemi və ölkəmizdə startapların dəstəklənməsi təcrübəsi barədə məlumat verib.
Qeyd edilib ki, Azərbaycanda startap ekosisteminin dəstəklənməsi və inkişafı sahəsində bir çox uğurlu islahatlar aparılır, o cümlədən qanunvericilik təkmilləşdirilir, startaplar üçün müxtəlif təşviq və güzəştlər tətbiq olunur, dövlət və özəl sektor tərəfindən dəstəklənən 10-a yaxın inkubator və akselerasiya mərkəzi fəaliyyət göstərir. Startaplara onlara vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verilir. İndiyədək KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 100-dən çox belə sənəd təqdim olunub. “Bakı KOB evi”ndə Startap İnkişafı Mərkəzi fəaliyyət göstərir, innovativ layihələrə qrant dəstəyi verilir.
GEC2023 çərçivəsində O. Məmmədov Avstraliya, Oman, İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və İraqın müvafiq qurumlarının nümayəndələri ilə görüşüb.
Avstraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri Natali Süleyman ilə görüşdə kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin təcrübəsinə, ticarət və qarşılıqlı investisiyaların artırılması sahəsində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Omanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının sədri Həlimə bint Rəşid əl-Zari ilə görüşdə KOB-lara dəstək və xidmət sahəsində təcrübə mübadiləsi aparılıb, birgə əməkdaşlıq imkanları müzakirə edilib.
İndoneziyanın İqtisadi Məsələlər üzrə Nazirliyində İcmanın gücləndirilməsi və sahibkarlıq üzrə direktor Chairul Saleh ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
O.Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) müavini Səud Əlsabhan arasında görüşdə birgə təşəbbüslər və nəzərdə tutulan qarşılıqlı səfərlər müzakirə edilib.
İraq Baş nazirinin müşaviri və “Riyada Təşəbbüsü”nün baş direktoru Hüseyin Tahir ilə görüşdə İraqın biznesi dəstəkləyən qurumları ilə əməkdaşlığın qurulması və hər iki ölkənin biznes dairələrinin əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb.
TOBB Gənc Sahibkarlar Şurasının və “GEN Türkiyə”nin vitse-prezidenti, Habitat Dərnəyinin prezidenti Sezai Hazır ilə sahibkarlıq, KOB-ların dəstəklənməsi və mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin səfər zamanı KOBİA-nın rıhbəri Melburn və Sidney şəhərində tikinti, təhsil, qida və nəqliyyat-logistika sektorlarında çalışan Azərbaycan və Türkiyə iş adamları, eləcə də Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Sidney nümayəndəliyi ilə görüşüb, müəssisələrdə olub.