Almaniya polisi “Mühacir alveri”nə görə həbs edilən Azərbaycan vətəndaşına məxsus restoran və evlərdə axtarışlar aparıb.
FED.az "report.az"a istinadən xəbər verir ki, növbəti yoxlama uzun illərdir Almaniyada mühacir həyatı yaşayan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərova məxsus Koblenz şəhərində yerləşən restoranda baş tutub. Federal kriminal polis iaşə müəssisəsinin kassasındakı istintaq üçün zəruri olan sənədləri aktlaşdıraraq götürüb.
Eləcə də bax: AİB Azərbaycana azad ticarət zonalarının artırılmasını - TÖVSİYƏ EDİLİB
Eyni zamanda E.Əkbərova məxsus Reynland-Pfalts əyalətində yerləşən mənzillərdə də axtarış aparılıb. Nəticədə Azərbaycanın hüquq-mühafizə orqanlarına aid saxta möhür, ştamp, əvvəlcədən hazırlanmış saxta arayış formaları və nağd pul istintaq üçün yararlı hesab edilərək müsadirə edilib.
Qeyd edək ki, Koblenz Federal İdarə Məhkəməsi E.Əkbərovun şübhəli şəxs qismində istintaqa cəlb edilməsi üçün barəsində 6 aylıq həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, ötən gün Almaniya federal kriminal polisi mühacir alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib. Ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edilib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin üzvlərindən 7-si saxlanılıb.