İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.
Çinin Azərbaycana investisiya qoyuluşu 1 milyard dollara yaxınlaşıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir: “Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlana bilərlər. KOBİA-nın əsas hədəflərindən biri də Qarabağ ərazisində biznes sektorunun bərpasının dəstəklənməsidir. İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digər sahələrdir"
O. Məmmədov bildirib ki, agentlik ölkədə sahibkarlar üçün əlverişli mühitin yaradılmasına yönəlik bir sıra tədbirlər görməkdədir: “Bir pəncərə” prinsipi ilə iş adamlarına vahid məkanda G2B və B2B xidmətləri göstərən Kiçik və Orta Biznes evləri, 50-yə yaxın rayon və şəhərləri əhatə edən “KOB dostları” şəbəkəsi, sahibkarlara ödənişsiz təlimlər keçən KOB İnkişaf Mərkəzləri, 15 biznes assosiasiyasının daxil olduğu İctimai Şura fəaliyyət göstərməkdədir. Maliyyə dəstəyi mexanizmləri sırasında yerli bazar araşdırmaları, elm, təhsil və tədqiqat layihələrinin həyata keçirilməsi üçün qrantlar, məhsulların iri ticarət şəbəkələrində tanıdılmasına dəstək kimi alətlərimiz tətbiq olunur".
O qeyd edib ki, KOBİA bu təcrübələrini çinli həmkarlarla bölüşməkdə və birgə biznesə dəstək proqramlarını hazırlamaqda maraqlıdır: “Eyni zamanda, işgüzar əməkdaşlıq platformalarının yaradılması və birgə biznes layihələrinin hazırlanması olduqca əhəmiyyətlidir. Bu baxımdan Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin, eləcə də Ticarət Evlərinin fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Əminəm ki, onların fəal fəaliyyəti ölkələrimizdə KOB-lar arasında əlaqələrin inkişafına töhfə verəcək və bu da öz növbəsində ticarət dövriyyəsini yaxşılaşdıracaq”.
O, əlavə olaraq sektorlar üzrə biznes missiyalarının təşkilinin vacibliyini də vurğulayıb: “Bu missiyalar bizneslərimizə bazar imkanlarının dərindən araşdırılmasını, güclü işgüzar əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək. Agentliyimiz sahibkarlara belə missiya və səfərlərin təşkilində dəstək verməyə hazırdır". (Report)