Şah Məhəmməd Rza Pəhləvi (ata) və Şahzadə (Vəliəhd) Rza Pəhləvi
ABŞ-ın İsraillə birlikdə İrana qarşı müharibə aparıb İslam Respublikasının devrildiyini elan etdiyi bir vaxtda, keçmiş iran şahının varisi Rza Pəhləvi hakimiyyətə namizədlərdən biri hesab olunur.
Düzdür, son vaxtlar bu versiya olduqca qeyri-ciddi görünür, üstəlik ABŞ prezidenti Tramp da hələ onu açıq şəkildə dəstəkləməyib və İran qətlə yetirilmiş Ayətullah Xameneinin oğlunu yeni Ali Lider seçib.
Lakin tarix deyir ki, belə bir hadisə artıq baş verib. 70 il əvvəl, İranın milli hökuməti əvvəllər Britaniya tərəfindən idarə olunan neft sənayesinə nəzarəti İran xalqına təhvil verməyə cəhd etdikdə, amerikalılar Pəhləvinin atasını hakimiyyətə gətirdilər. Neft müqəddəs mövzu olduğundan, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya MI6 dərhal İranda dövlət çevrilişi etdilər.
İran qüruru
Uzaq keçmişdə, müxtəlif adlar altında mövcud olan İran, bütün Yaxın Şərqi idarə edə bilən və ya ən güclü vaxtanda əsrlər boyu Roma imperiyasına belə müqavimət göstərə bilən böyük bir imperiya idi. İran Romadan, İslamın yayılmasından və monqollardan daha çox yaşadı, lakin onun çiçəklənmə dövrü artıq geridə qalmışdı. İran 19-cu əsrə qədər bütün əzəmətini itirərək Rusiya ilə Böyük Britaniya arasında müstəmləkə mübahisələrinin mövzusuna çevrilmişdi.
Doğrudur, İranın statusu və gücü açıq işğala müqavimət göstərmək üçün kifayət idi, lakin Britaniyanın öz bayrağını Tehranın üzərinə sancmasına ehtiyac yox idi. London İranı özünə iqtisadi cəhətdən tabe etməyə başladı və 20-ci əsrin ilk onilliklərində İran Kral Donanması üçün etibarlı neft mənbəyinə çevrildi ki, bu da ona Amerika və Hollandiya asılılığından azad olmağa imkan verdi.
Britaniya hökumətinin nəzarətində olan Anglo-Persian Oil Company (APOC), İran neftinin faktiki olaraq eksklüziv istehsalçısına çevrildi.
Neftin bu üsulla satışı İrana sərf eləmirdi, çünki 1920-ci illərdə İran neftdən əldə edilən mənfəətin yalnız 16%-ni əldə edirdi. Bu vəziyyətin ədalətsizliyi ölkədəki hər kəs üçün aydın idi. Gərginliyi azaltmaq üçün APOC şirkəti əmək haqqını artırmaq, məktəblər və xəstəxanalar tikmək vədləri verməyə başladı, lakin onları yerinə yetirməkdə gecikdi.
İkinci Dünya Müharibəsi zamanı SSRİ və Böyük Britaniya «Lend-Lease» təchizatının təhlükəsizliyini təmin etmək üçün İranı işğal etdilər. Bu, İran millətçiliyini göylərə qaldırdı: xaricilər indi ölkənin milli sərvətinə nəzarət etməklə yanaşı, onu tranzit nöqtəsinə çevirir və qoruyurdular, baxmayaraq ki, İran heç vaxt heç kimə hücum etməmiş və ya səhv bir iş görməmişdi. Nəticədə xalq arasında neft sənayesini milliləşdirmək və ölkənin işlərinə xarici müdaxiləyə son qoymaq tələbləri getdikcə daha da artırdı.

İran neft sənayesinin milliləşdirilməsinin tərəfdarları qələbələrini qeyd edir və ABƏŞ binasını ələ keçirirlər, 1951
O dövrdə İran artıq fəaliyyət göstərən parlamenti (Məclisi) olan konstitusiyalı monarxiya idi. 1951-ci ildə Milli Cəbhə seçkilərdə qalib gəldi və Şah Məhəmməd Rza Pəhləvi qalib gəlmiş Milli Cəbhənin lideri Məhəmməd Müsəddiqini baş nazir təyin etdi. 15 mart 1951-ci ildə parlament demək olar ki, yekdilliklə APOC-un Britaniyadan alınaraq milliləşdirilməsinə səs verdi və İran Milli Neft Şirkətini yaratdı.
Neft uğrunda mübarizə
Britaniya 1911-ci il Konstitusiya İnqilabı dövründə yarandığı vaxtdan bəri İran demokratiyasını heç vaxt sevməmişdi.
Məsələ bundadır kİ, ingilislər üçün şah və ya hakim sülalə ilə razılığa gəlmək mümkün olsa da, demokratik hökumətlərlə bu mümkün deyildi. Çünki demokratik quruluşlarda hökumətlər seçki səbəbindən daim dəyişir və kütlələrin əhval-ruhiyyəsini nəzərə almalı olurdular. Yeni təyin edilmiş baş nazir Müsəddiq isə həmin vaxt sadəcə bir xalq qəhrəmanı idi və şahın ona qarşı heç bir gücü yox idi: şah 1952-ci ildə baş naziri vəzifəsindən azad etməyə cəhd etdi, lakin kütləvi etirazlardan sonra onu yenidən vəzifəsinə qaytarmağa məcbur oldu.

İranın Baş naziri Məhəmməd Müsəddiq 1951-ci ildə neftin milliləşdirilməsini dəstəkləyən çıxışından sonra Tehranın Məclis Meydanında izdihamın arasında dayanır.
Buna görə də, Britaniya İranda hakimiyyəti dəyişmək üçün daha sərt tədbirlər görməyə məcbur oldu. Neft şirkətinin milliləşdirməsinə cavab olaraq Britaniyanın Kral Dəniz Qüvvələri İran üçün həyati əhəmiyyətli Abadan neft limanını blokadaya aldı, paralel olaraq London hökuməti İrana qarşı sanksiyalar tətbiq etdi.
Ən əsası, Britaniya hökuməti İrandakı neft hasilatı və emal infrastrukturunda çalışan, yəni onlarsız iş getməyən bütün Britaniya neftçilərini geri çağırdı. Nəticədə İranın neft sənayesi iflic duruma düşdü. İranlılar neft sənayesini işə salmaqda kömək üçün digər inkişaf etmiş ölkələrə müraciət etməyə çalışdılar, lakin hər yerdə rədd edildilər. Yalnız İtaliya hökuməti sanksiyaları aşmağa kömək etməyə razı oldu, lakin Britaniya donanması İtaliyanın neft tankerlərini ələ keçirməyə başladı, səbəbini də belə izah etdi ki, guyu bu tankerlər oğurlanmış əmlakı daşıyır.

Şah Rza Pəhləvi və İranın Baş naziri Müsəddiq əl sıxırlar
Britaniyalılar İranın sülh şəraitində yaşamasına və neft ticarətinə icazə verməyəcəklərini açıq şəkildə bildirdilər. Bazara çıxışı olmayan ölkə iqtisadi böhrana və artan işsizliyə düçar oldu. Nəticədə baş nazir Müsəddiqi güzəştə getməyə məcbur oldu.
O Britaniyaya əməkdaşlıq təklif etdi, belə ki, əvvəllər Venesuelada Amerika şirkətləri ilə edildiyi kimi, ABƏŞ-in neft ticarətindən əldə etdiyi mənfəəti bərabər şəkildə bölüşdürməsini təklif etdi, lakin London neftin qazancının yarısını da olsa İrana verməkdən qəti şəkildə imtina etdi.
Maraqlıdır ki, ABŞ hökuməti İrana qarşı daha insaflı mövqe tuturdu, ABŞ əvvəlcə Böyük Britaniyanı münaqişəyə son qoymağa və 50/50 nisbətində bölünməyə razılaşmağa çağırdı. Birincisi, onlar bunu düzgün və ədalətli hesab edirdilər, ikincisi, İran neftindən özləri də qazanc əldə etməyə ümid edirdilər.
Lakin prezident Truman administrasiyası Londona çox təzyiq göstərə bilmədi: Çünki həmin vaxt Koreya müharibəsi gedirdi və burada Britaniya ordusu son dərəcə mühüm rol oynayırdı. Amerikalı diplomat Uilyam Harriman şahdan kömək istəməyə, yəni baş naziri güzəştə razı salmağa çalışdı, lakin şah ictimai rəy qarşısında milliləşdirməyə qarşı çıxa bilməyəcəyini bildirdi.
Bu vəziyyətdə Britaniya başqa plan qurdu. Müsəddiqinin kommunist Tudə Partiyası ilə müvəqqəti ittifaqından istifadə edən ingilislər Trumana bildirdilər kİ, İran millətçiliyi və neft böhranı əslində İran üzərində nəzarəti ələ keçirmək üçün Sovet planıdır və bunun dayandırılması lazımdır.
Halbuki, Müsəddiqinin SSRİ-yə münasibəti Britaniyadan daha pis idi, məsələ bundadır ki, 1945-ci ildə İranın şimalı SSRİ-nin nəzarətində olanda ölkənin şimalında müstəqil Azərbaycan dövləti yaradılmışdı. Lakin ABŞ prezidenti Truman Koreya müharibəsi ilə o qədər məşğul idi ki, inadkar baş naziri vəzifəsindən uzaqlaşdıra bilmədi.
ABŞ-ın bu məsələyə münasibəti 1953-cü ildə Duayt Eyzenhauer prezident olanda dəyişdi, o, demək olar ki, dərhal Britaniyaya yaşıl işıq yandırdı və ABŞ-ın çevrilişdə iştirakını dəstəklədi.
MI6 bu əməliyyatı "Boot", Mərkəzi Kəşfiyyat İdarəsi isə "Ajax" adlandırdı.
Pul üçün nümayişlər
Həmin vaxt Müsəddiqi özü də onu devirmək istəyənlərin əlinə oynayırdı. İşsizlik artdıqca və iqtisadi böhran davam etdikcə, onun hökuməti xalq arasında populyarlığını itirdi. O da, populyarlığını itirdikcə daha da avtoritar olmağa başlayırdı. 1952-ci ildə baş nazir fövqəladə səlahiyyətlərdən istifadə etməyə başladı. Məsələn, kabinet üzvlərindən birinə sui-qəsd cəhdindən sonra o, onlarla siyasi müxalifətçinin həbs olunmasını əmr etdi.
1953-cü ilin ortalarında parlamentin buraxılması və Şahın qanunvericilik səlahiyyətinin baş nazirə verilməsi üçün referendum keçirildi ki, bu da konstitusiyaya birbaşa zidd idi. Referendumun rəsmi nəticələri - 99,94% lehinə - hətta milliləşdirməni tam dəstəkləyənlər üçün belə şübhəli görünürdü.
Nəzəri olaraq, bir ölkənin dünyanın ən güclü iki dövləti ilə qarşıdurması zamanı fövqəladə tədbirlər tətbiq etməsi normal idi. Üstəlik məlum idi ki, hər iki tərəf onu özünə tabe etdirmək istəyir, amma İranda hamı bununla razı deyildi, nəticədə hətta baş nazirin keçmiş tərəfdarları da ona qarşı çıxmağa başladılar.
1953-cü il çevrilişi zamanı Müsəddiqi tərəfdarlarının etirazları
Bu zaman başqa problem yarandı - Müsəddiqi hətta əvvəllər onun neft sənayesini milliləşdirmək tədbirlərini alqışlayan və küçələrdə Milli Cəbhənin ideyalarını təbliğ edən mühafizəkar ayətullahlar üçün də narahatlığa çevrildi.
Bu məsələdə lider - Əbül-Qasım Kaşani idi. Qeyd edək ki, Əbül-Qasım Kaşani – İran İslam Respublikasının gələcək qurucusu Ruhullah Xomeyninin müəllimi idi.
Nəhayət, o da solçularla müttəfiq olan Müsəddiqin dünyəvi diktaturasının ruhanilərin mövqeyini sarsıdacağından qorxmağa başladı və referendumda "yox" səs verməyə çağırdı.
Şah Pəhləvi, baş nazirlə sərt rəqabətinə və sonuncunun ölkəni respublikaya çevirmək istəyinə baxmayaraq, əvvəlcə xaricdən ediləcək çevrilişə qarşı idi. Lakin Mərkəzi Kəşfiyyat İdarəsi ona izah etdi ki, şahı əvəz etmək o qədər də çətin deyil və İran üçün nəticələr fəlakətli ola bilər.
Sui-qəsdçilərin ilk çevriliş cəhdi uğursuz oldu.
Şah artıq Müsəddiqin vəzifəsindən azad edilməsi və köhnə müttəfiqi general Fəzlullah Zahidinin baş nazir təyin edilməsi barədə fərmanlar imzalamışdı. Bu fərmanlarla silahlanaraq, 15 avqust 1953-cü ildə Şah Qvardiyasının komandiri polkovnik Nemətullah Nəsiri Müsəddiq hökumətinin üzvlərini həbs etməyə başladı. Orduda olan kommunist agentləri tərəfindən hərbi qiyam barədə xəbərdar edilməsəydi, baş naziri özü də həbs edərdi.
Buna görə də, baş nazir özü Nəssirinin həbsini elan etdi və tərəfdarlarını küçələrə çıxmağa çağırdı, kommunistlər isə xalq milisi yaratmağa başladılar. Küçə döyüşlərinə hazır olmayan sui-qəsdçilər məğlubiyyətlərini etiraf etdilər: Şah İraqa qaçdı, Zahidi isə Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə ölkə daxilində gizləndi.
Vaşinqton da məğlubiyyətini etiraf etməyə hazır idi. ABŞ indi Müsəddiqlə sülh bağlamağa ümid edirdi və İrandakı MKİ zabitlərinə yığışıb qayıtmağı əmr etdi.
ABŞ Dövlət Katibinin müavini Valter Bedell Smit artıq vəziyyətdən çıxmağa çalışır və izah edirdi ki, "Nə qədər səhv etsə də, Mossadeqin ruslara heç bir sevgisi yox idi və vaxtında göstərilən yardım ona kommunizmi cilovlamağa imkan verə bilərdi".
Lakin MKİ-nin İrandakı yüksək vəzifəli agentlərindən biri olan Kermit Ruzvelt ya «dayan» əmrini almadı, ya gec aldı, ya da sadəcə ona fikir vermədi qoymadı. O öz təşəbbüsü ilə taktikanı dəyişdirmək və əməliyyatı davam etdirmək qərarına gəldi. Zahedi və Şah Ayətullah Məhəmməd Behbəhani vasitəsilə işləyərək hökumətə qarşı nifrət alovlandırmağa başladı.
Bu nifrət pullu idi, əhalini pulla baş nazirə qarşı qaldırırdılar və buna çamadanlarla dollar xərclənirdi. Təbliğat işi eyni anda bir neçə istiqamətdə davam edirdi: işçilərin iqtisadi vəziyyətdən narazılığından tutmuş dünyəvi dövlətə qarşı dini nümayişçilərin səfərbər olunmasına qədər.
Bu qədər pul boşa xərclənə bilməzdi, nəticəsini verməyə başladı: tezliklə küçələrdə Şah tərəfdarı mitinqlərə başladı və Tudə kommunistləri ilə toqquşmalara çevrildi. Təbii ki, Amerika pulları insanların baş nazirə nifrət etməsinə səbəb olmadı: o, öz təşəbbüsü ilə öz düşmənlərini yaratmışdı. Lakin maliyyələşdirmə təşkilata böyük kömək etdi və küçələrdə solçu təsirə qarşı əks çəki yaratmağa imkan verdi ki, bu da əsl küçə quldurlarını işə götürməyi və tərəfdarlarını Tehrana avtobusla aparmağı tələb etdi.
1953-cü il çevrilişi zamanı Şah tərəfdarlarının nümayişi
Nəticə etibarilə, xalqın dəstəyinə güvənərək, 19 avqustda Zahidinin komandanlığı altındakı ordu yenidən kazarmaları tərk etdi və hökumət binalarına basqın etməyə başladı. Mossadeqin evi tank tərəfindən atəşə tutuldu və nəticədə daha çox qan tökülməsini istəməyərək orduya təslim oldu.
Şah hakimiyyətə qayıtdı və hakimiyyətini daha da möhkəmləndirdi. Hər şey bitdikdən sonra Ruzvelt Jr. ilə söhbətində o, etiraf etdi ki, "Taxtımı Allaha, xalqıma, orduma və sənə borcluyam!"
Nəticədə Britaniya şirkəti olan ABƏŞ öz mülkiyyətini dövlətdən, yəni xalqdan geri aldı, lakin beynəlxalq neft şirkətləri konsorsiumunun nəzarətinə keçdi. İran indi gəlirlərin 25%-ni aldı və Şah indi bu pulu ölkəni modernləşdirməyə, onu güclü regional gücə çevirməyə sərf etdi.
Müasir İranda bu hekayə yaxşı xatırlanır və neftin milliləşdirilməsi günü bayram kimi qeyd olunur. Bu hekayə Amerikada da xatırlanır. Görünür buna görə, son illər ABŞ İran münaqişələrində şal kartı tez-tez ortaya atılır, hətta yanvar etirazlarında "Yaşasın Şah!" şüarı əsas şüarlardan biri idi. Müxalifət olaraq ciddi görünməsə də, çox güman ki, neftini ABŞ-la bölüşməyə də hazırdır. Köhnə olsa da, ABŞ və İran üçün sınanmış özünü doğrultmuş üsuldur.


















