Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 31 il keçir.
Azərbaycan manatının dövriyyəyə buraxılmasından - 30 İL KEÇİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1992-ci ildə o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanından sonra elə həmin il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb.
Hər bir ölkənin pulu – milli valyutası onun əsas atributlarından sayıldığına görə, manatın 27 illiyi Azərbaycan pulunun tarixinə nəzər salmaq üçün səbəbdir. Beləliklə…
Şah İsmayılın “Əşrəfi”
Rəsmi olaraq Azərbaycan dövlətinin ilk pulları müstəqil Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətain döründə buraxılıb. O dövrün pul vahidi abbası, tümən və şahı idi. Ümumilikdə, Səfəvi dövləti adından 70-dən çox şəhərdə pul kəsilib, o illərdən dövrümüzə 200-dək gümüş sikkə gəlib çatıb. Bir qızıl sikkə də var ki, I Şah İsmayılın adından Təbriz şəhərində kəsilib. Bu qızıl pul “Əşrəfi” adlanır, çəkisi 3,5 qramdır. Şah İsmayıldan sonra pul kəsilməsi ənənəsi onun varisləri tərəfindən davam etdirilirdi. Yeri gəlmişkən, o vaxtın Azərbaycan pulları, Azərbaycan şahlığının nəzarətində olan digər ölkələrdə, məsələn, Gürcstanda da işləyirdi. Elə indi də Gürcüstan tarixi muzeyində orta əsrlərin pulları sırasında Azərbaycan dövlətinin pulları üstünlük təşkil edir. Azərbaycan Rusiya işğalı altına düşdükdən sonra burada rus pulları işləyirdi və növbəti milli pulları düz 400 il gözləmək lazım gəldi.
Demokratik Respublikanın fransız pulları
Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk müstəqil pulları 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıqlar idi. Əskinasın üz tərəfində «Cümhuriyyət», arxa tərəfində isə rus dilində «Azerbaydjanskaə Respublika» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib. Həmin vaxt pullar adı azərbaycanca dilində manatla, rusca isə rubl ilə verilirdi. Məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşmiş əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Bununla yanaşı, AXC-nin beynəlxalq miqyasda tanınması üçün Cümhuriyyət 500 manatlıq əskinasların üzərində respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
Sovet Azərbaycanının sovet pulları
Azərbaycanda sovet hökuməti qurulandan sonra 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından yeni pullar buraxılmışdı. Bunlar 5, 100 və 1 000 rublluq əskinaslar idi. 1921-ci ildə pulların dizaynı və məbləğləri dəyişdi – indi tədavülə 5 000, 10 000, 25 000 və 50 000 manatlıq əskinaslar buraxıldı.
1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində pullar dəyərdən düşməyə başladı və yeni, daha böyük nominalı əskinaslar buraxıldı. Bunlar 100 000, 250 000 və 1 000 000 manatlıq əskinaslar idi. 1923-cü ilin əvvəlində isə 5 milyon manatlıq buraxıldı. Bu pulların üzərində dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilird.
10 milyard rublluq əskinas
1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) pulları buraxıldı. Bunlar 5 min manatdan başlayaraq 1 milyona, daha sonra 10 milyon manata çatan əskinaslar idi. 1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən iqtisadi böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində tədavülə 25, 50, 75, 100, 250 milyonluqlar, hətta 1 milyard rublluq əskinaslar buraxıldı. Eləcə də tarixdə ilk dəfə olaraq 10 milyard rublluq əskinas da buraxıldı.
ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə idi. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi.
1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və Azərbaycanın bank sistemi də Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə isə Azərbaycan rəsmi surətdə SSRİ-nin tərkibinə daxil oldu. SSRİ məkanında yeganə pul sovet rublu idi və İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycanda da yalnız sovet rublu işləyirdi.
Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt cəmi 3 gün ərzində ölkədəki bütün 50 və 100 rublluq əskinaslar dövriyyədən çıxarıldı. Yeri gəlmişkən, həmin islahatlarda bütün SSRİ-də olduğu kimi, Azərbaycanın əmanətbankında da minlərlə vətəndaşın milyonlarla pulu batıb.
Müstəqillikdən sonrakı manat
Azərbaycanlılar əsl milli manatı bir də XX əsrin sonunda - müstəqillik əldə etdikdən sonra gördülər.
Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman ilk dəfə dövriyyəyə 1 və 10 manatlıqlar, eləcə də o vaxtın məzənnəsi ilə böyük sərvət sayılan 250 manatlıqlar buraxıldı.
Onlarla yanaşı, 1992-ci ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Həmin pullar Azərbaycan hökumətinin sifarişi ilə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi. 500 manatlığın üzərində dahi mütəfəkkir Nizami Gəncəvinin, 1000 manatlığın üzərində isə AXS-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin şəkli vardı.
«Manatdan başqası qadağandır»
Amma həmin vaxt manatla paralel olaraq dövriyyədə sovet rublları da vardı və 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat = 10 rubl nisbəti ilə istifadə edilirdi.
Prezident Heydər Əliyevin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 11 dekabr 1993-cü il tarixli Fərmanı ilə 1994-cu ildən etibarən manat dövriyyədə yeganə ödəniş vasitəsi oldu. Bununla da Azərbaycan Mərkəzi Bankı müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.
Sonradan ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın qarşılanması üçün 1994-cü ildə 10 000 manatlıq, 1996-cı ildə isə 50 000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.
“Şirvanşahlar” və “Mömünə Xatun türbəsi”
1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10 000 manatlığın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, 1996-cı ildə buraxılan 50 000 manatlığın üzərində isə Naxçıvandakı “Mömünə Xatun türbəsi”nin əksi vardı.
2001-ci ildə Azərbaycanda 1000 manatlığın fərqli dizaynda yeni versiyası buraxıldı. “De La Rue” şirkətinin çap etdiyi əskinas Azərbaycanda neftinə həsr edilmişdi.
Ümumikdə, 1992-2005-ci illər ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə Azərbaycan Milli Bankı tərəfindən 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas dövriyyəyə buraxılıb.
«Manatın üzərində 7 nəfərin şəkli olmalıydı»
Manatın ən maraqlı və yaddaqalan dövrü müstəqilliyin ilk illəri olub desək, yanılmarıq. Bu dövr manatı üzərindəki rəsmlərlə adlandırıldığı dönəm kimi yaddaşlarda iz qoydu. Təsvirlərin ideyasının haradan qaynaqlandığı da maraqlıdır. Niyə məhz Nizami Gəncəvi və yaxud Məhəmməd Əmin Rəsulzadənin şəkli?
Sualın cavabını 1992-ci ildə dövriyyəyə buraxılan manatın eskizlərini hazırlayan xalçaçı rəssam Eldar Mikayılzadənin özündən eşidək: «Azərbaycanın yeni pullarının üzərində işlər 1991-ci ildən, Ayaz Mütəllibovun vaxtından başlanmışdı. Müsabiqə keçirildi və mənim eskizlərim qəbul edildi. O vaxtkı baş nazir Həsən Həsənovun yanına dəvət olundum və ilk manatların hazırlanması mənə həvalə edildi.
Azərbaycan xalqını dünyada tanıdan, ruhunun daşıyıcısı olan xalça sənətidir. Mən də pulların dizaynında xalçaları əsas götürdüm. İlk eskizlər 7 formada işlənmişdi və tamam fərqli idi. Burada Azərbaycanın hər bölgəsinin böyük şəxsiyyətləri, mədəni abidələri, florası, faunası əks olunurdu. Amma sonra bəzi hadisələr baş verdi, ölkədə dəyişiklik oldu. Həmin eskizlər çapa hazır olsa da, proses dayandırıldı. Çap olunmağa bir ay qalmış həmin eskizlər Parisdə tələsik yenidən işlənildi və yeni pullar rəhmətlik prezident Elçibəyin dövründə buraxıldı».
Əskinasların üzərindəki şəxsiyyətlərin seçiminə gəlincə, rəssam deyir ki, bunun üçün hər bölgədən olan tanınmışlar seçilmişdi: «Şəkidən Mirzə Fətəli Axundov, Qarabağdan Üzeyir Hacıbəyov, Bakıdan, Gəncədən, Şirvandan... Amma sonradan həmin 7 nəfərdən ikisinin üzərində dayandılar: Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadə. Bu artıq həm siyasi, həm də maliyyə ilə bağlı məsələydi». O vaxt Azərbaycanın maliyyə durumu o qədər yaxşı olmadığından, pul çapı isə bahaa başa gəldiyindən əskinasların üzərindəki portret, naxış və rəng çeşidləri azaldıldı: «Amma keçmiş SSRİ məkanında ilk dəfə biz milli pul buraxdıq. Bu, böyük hadisə idi. Ona görə, bu şeylərə fikir vermirdik, deyirdik ki, portret azaldı, rəng azaldı, eybi yox, təki pul çıxsın. Amma bu ikisi də böyük şəxsiyyət idi. Biri dövlətçilik, o biri ruhaniyyat rəmzi idi, ona görə M.Ə.Rəsulzadə ilə Nizami Gəncəvinin şəkilləri qaldı».
Yeri gəlmişkən, ilk variantda 1000 manatlığın üzərində Nizami Gəncəvinin, 500 manatlıqda isə Məmməd Əmin Rəsulzadənin şəkli olmalı imiş, amma vəziyyət dəyişib: «Parisdə idim, mənə zəng vurdular ki, geri qayıt. Dedilər ki, niyə Rəsulzadə 500 manatlığın üstündədir, axı o dövlətçilik baxımdan daha böyük adamdır. Mən dedim ki, şəxsiyyət nə qədər böyük olursa, rəsmini də o qədər kiçik pula həkk edirlər. Məsələn, Corc Vaşinqton kimi - 1 dollar 1 milyon buraxılır, 100 dollar min dənə. Razılşmadılar, dedilər ki, Rəsulzadənin şəkli 1000 manatda olmalıdır. Biz də dəyişdik…».
Amma manatın üzərində heç kimi diqqət yetirmədiyi dəyişiklik də olub. E.Mikayılzadə deyir ki, pulun üzərindəki gerbin şəklini dəyişib: «İlk variantda gerbin içində alov şəkli, mən alovun yerinə Allah yazdım. Heç kim bilmirdi, biz də demədik. Bir nəfərə dedim, o da dedi ki, səsə salma. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. O formada təsadüfən keçdi. İndi də çox adam bilmir ki, orda Allah yazılıb...».
Ən yeni milli pul - AZN
AZM nişanı ilə tanınan köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər dövriyyədə oldu. Onları Azərbaycanın yeni dövrünün simvolu olan və AZN-lə ifadə olunan yeni manatlar əvəzlədi.
2005-ci ilin fevralında prezident İlham Əliyev Azərbaycanda pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi, yəni denominasiyası haqqında fərman imzaladı. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə manata (AZM-ə) bərabər tutuldu. Qeyd etmək yerinə düşər ki, həmin vaxt Azərbaycanda 1 dollar 4800 manat idi. Amma denominasiya nəticəsində 1 AZN dollardan da bahalı bir valyutaya çevrildi. Həmin vaxt dövriyyəyə 1, 5, 10, 20, 50, 100 manatlıqlar və 1, 3, 5, 10, 20, 50 qəpikliklər buraxıldı.
Manatın dizayneri avronun müəllifi oldu
Azərbaycanın yeni əskinas və sikkələri vahid konsepsiya əsasında hazırlanmışdı. Bunun üçün elan edilən müsabiqədə Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun dizaynının müəllifi Robert Kalinanın hazırladığı eskizlər qalib seçilib.Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.
AZM və AZN-in 1 il ərzində – 2006-cı ildə birlikdə dövriyyədə oldu, 2007-ci il yanvarın 1-dən isə tam şəkildə yeni manata keçid edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.
200 manatlıqlar
2018-ci ilin mayında isə Azərbaycanda 200 manatlıq əskinaslar buraxılıb. Məhdud sayda dövriyyəyə buraxılması nəzərdə tutulan 200-lüklər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə dövriyyəyə buraxılıb.