Dünən “Conference Board” analitik şirkətinin verdiyi məlumata əsasən, ABŞ-da İstehlakçıların İnam İndeksi iyul ayı üzrə yenilənmiş nəticə ilə müqayisədə avqust ayında 101.9 bənd səviyyəsindən 103.3 bənd səviyyəsinə qədər yüksəlib. Dərc olunmuş nəticələr fonunda dollar avro və funt qarşısında bir qədər ucuzlaşsa da, sonra artım tendensiyası sərgiləyib.
Belə ki, EUR/USD valyuta cütlüyü ötən gün 1.1190 həddinə qədər bahalaşsa da, bugün artıq 1.1148 səviyyəsində ticarət olunur. GBPUSD cütlüyü isə 1.3266 səviyyəsindən 1.3231 səviyyəsinə qədər eniş göstərib. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 100.88 bənd təşkil edir.
Dolların bahalaşması fonunda qızıl ucuzlaşıb. Dəyərli metalın qiyməti iki gün ardıcıl olaraq artdıqdan sonra çərşənbə axşamı günün ikinci yarısından sonra ucuzlaşmağa başlayıb. Hal-hazırda qızılın spot qiyməti 2507$ təşkil edir. Xatırlamaq lazımdır ki, əvvəlki iki ticarət sessiyası müddətində qızıl 1.5% bahalaşıb.
Treyderlər isə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) mümkün adımlarını qiymətləndirməyə davam edirlər. Ötən həftə tənzimləyici qurumun sədri Cerom Pavel FED-in monetar siyasətinə düzəliş etməyin vaxtının çatdığını qeyd etmişdir. FED-in növbəti iclası sentyabrın 17-18-də keçiriləcək və analitiklərin 67.5%-i uçot faiz dərəcəsinin 5-5.25%-ə qədər endiriləcəyini proqnozlaşdırırlar.
Çərşənbə günü səhər beynəlxalq birjalarda neftin qiyməti ABŞ-da ehtiyatlar ilə bağlı rəsmi məlumatların açıqlanması ərəfəsində demək olar ki, dəyişmir. Ötən gün ərzində “Bret” markalı neft 81.60$ səviyyəsindən 79.80$ səviyyəsinə qədər ucuzlaşmışdı.
Bundan əvvəl, Amerika Neft İnstitutu (API) avqustun 23-də bitən həftə ərzində ölkədə kommersiya məqsədli neft ehtiyatlarının 3.4 milyon barrel azaldığını bildirmişdi. İndi analitiklər ölkənin Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasından rəsmi məlumatlarının dərcini gözləyirlər. Ölkədə kommersiya məqsədli neft ehtiyatlarının bu həftə 3 milyon barrel azalaraq 429 milyon barrelə qədər endiyi ehtimal edilir.
Eləcə də, bazar iştirakçıları bugün Almaniyada dərc olunacaq "GFK" İstehlakçı İnam İndeksini və Avroqrupun toplantısının nəticələrini diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.