Azərbaycanın qiymətli kağızlar bazarının aparıcı iştirakçılarından olan “Invest-AZ İnvestisiya Şirkəti” QSC Bakı Fond Birjasında “GL” ASC-nin (“Sizin Lombard”) 500 min manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter olacaq.
FED.az xəbər verir ki, Bakı Fond Birjasında (BFB) keçiriləcək hərrac çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Buraxılışın ümumi həcmi 500 min manat təşkil edir.
İstiqrazların illik faiz dərəcəsi 15%, tədavül müddəti isə 7 il müəyyən edilib. Faiz ödənişləri ayda bir dəfə həyata keçiriləcək.
Emissiyanın yerləşdirilməsini isə “Invest-AZ İnvestisiya Şirkəti” QSC həyata keçirəcək. Şirkət buraxılış üzrə anderrayter qismində çıxış edir.
İstiqrazlar faizli, təminatsız, sənədsiz, adlı qiymətli kağızlardır. Buraxılışın ISIN kodu AZ2045020289-dur.
Yerləşdirmə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə birqiymətli hərrac vasitəsilə həyata keçiriləcək.
İllik 15%-lik faiz dərəcəsi əsasında hesablandıqda, istiqrazların nominal qiymətlə alınması halında 1 000 manatlıq investisiya ildə 150 manat, 10 000 manatlıq investisiya isə ildə 1 500 manat nominal faiz gəliri yaradır. Bu hesablamada vergi, komissiya və digər mümkün xərclər nəzərə alınmayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"GL" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2045020289 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
5,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
500,000 manat |
|
İllik gəlirlilik faizi |
15% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
7 il |
|
Ticarətə buraxılma tarixi |
02.10.2026 |
|
Anderrayter |
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC |













