ABŞ Prezidenti Donald Trampın investisiya portfelində 1000-dən çox bələdiyyə istiqrazı var. Bu istiqrazların ümumi dəyəri 300 milyon dollardan 1 milyard dollaradək qiymətləndirilir.
FED.AZ xəbər verir ki, ABŞ prezidentinin yatırım etdiyi istiqrazların emitentləri arasında ABŞ şəhərləri, xəstəxanalar, məktəblər, kommunal müəssisələr və kömür elektrik stansiyaları var.
2025-ci ilin sonunda Trampın portfelində 807 bələdiyyə istiqrazları olub. Onların açıqlanan dəyəri 240,7–797,6 milyon dollar arasında göstərilib.
2026-cı ildə isə prezidentin adından ən azı 243 istiqraz alışı açıqlanıb. Bu əməliyyatların məbləği 68,2–233,8 milyon dollar diapazonundadır. Son hesabatda təkcə iyul ayına aid daha 48 yeni alış göstərilib.
Nəticədə CNBC-nin hesablamasına görə, portfeldəki bələdiyyə istiqrazları üzrə mövqelərin sayı 1000-i keçib.
“Şəxsi investor üçün qeyri-adi miqyas”
Çikaqo Universitetinin Bələdiyyə Maliyyəsi Mərkəzinin direktoru Castin Marlounun CNBC-yə bildirdiyinə görə, bu həcmdə bələdiyyə istiqrazı investisiyası fərdi şəxs investor üçün qeyri-adi dərəcədə böyükdür. O qeyd edib ki, hətta 100 milyon dollarlıq portfel belə fərdi investor üçün böyük məbləğ sayılır, 1 milyard dollara yaxın portfel isə miqyasına görə daha çox institusional fondlara bənzəyir.
Ağ Ev və Trump Organization bildiriblər ki, prezidentin investisiyalarını müstəqil maliyyə institutları idarə edir, Tramp və ailə üzvləri isə konkret əməliyyatları idarə edə və ya onlara təsir göstərə bilmirlər. CNBC də Trampın şəxsən bu əməliyyatlara rəhbərlik etdiyinə və ya maliyyə maraqlarının administrasiyanın siyasətinə təsir göstərdiyinə dair sübut tapmadığını bildirib.
Niyə məhz bələdiyyə istiqrazları?
Bu alışlar ABŞ-da bələdiyyə borc bazarının sürətlə böyüdüyü dövrə təsadüf edir. Ştatlar, şəhərlər və digər dövlət qurumları aeroportların, məktəblərin, xəstəxanaların və kommunal infrastrukturun maliyyələşdirilməsi üçün istiqraz buraxılışlarını artırırlar.
Belə istiqrazların varlı investorlar üçün mühüm üstünlüklərindən biri də odur ki, əvvəla onların faiz gəlirliyi yüksək olur, digər tərəfdən həmin istiqrazlar üzrə faiz gəlirləri ABŞ federal gəlir vergisindən azaddır.
Səhmlərlə də yüzlərlə əməliyyat aparılıb
Trampın investisiya aktivliyi yalnız istiqrazlarla məhdudlaşmayıb. İyul ayı üzrə son hesabatda onun adından qiymətli kağızlarla 1 156 əməliyyatın aparıldığı açıqlanıb. Əməliyyatların ümumi məbləği 79–270 milyon dollar arasında qiymətləndirilir.
Ay ərzində alışların məbləği ən azı 43,6 milyon dollar, satışların məbləği isə ən azı 35,6 milyon dollar olub. Ən böyük əməliyyatlar arasında Microsoft və Amazon səhmlərinin 25 milyon dollaradək satışı göstərilir.
2025-ci ilin maliyyə hesabatında isə Trampın səkkiz hesabında 21 mindən çox qiymətli kağız əməliyyatı açıqlanıb. Bu hesablardakı aktivlərin dəyəri ən azı 858 milyon dollar göstərilib.













