Maliyyə Nazirliyinin sentyabrın 29-da Bakı Fond Birjasında 3 illik dövlət istiqrazlarının yerləşdirməsi prosesi uğursuz başa çatıb.
FED.az xəbər verir ki, nazirliyin satışa çıxardığı 200 milyon manat istiqrazdan heç 10%-i də reallaşdırılmayıb. İnvestorlar cəmi 19,6 milyon manatlıq istiqraz alıblar.
Sentyabrın 29-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1080 gün tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.AZ xəbər verir ki, Bakı Fond Birjasının məlumatına əsasən, AZ0201240055 ISIN kodlu istiqrazların elan edilmiş buraxılış həcmi 200 milyon manat olub. Bir istiqrazın nominal dəyəri 100 manat, illik kupon faiz dərəcəsi isə 7% müəyyən edilib.
Hərracda 12 investor tərəfindən 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 267 milyon 199 min manat təşkil edib.
Beləliklə, investorların tələbi 200 milyon manatlıq buraxılış həcmindən 67 milyon 199 min manat və ya 33,6% çox olub. Tələb/təklif nisbəti təxminən 1,34 dəfə təşkil edib.
Buna baxmayaraq, hərracda faktiki yerləşdirilən istiqrazların nominal həcmi cəmi 19 milyon 595 min 800 manat olub. Bu, elan edilmiş 200 milyon manatlıq buraxılış həcminin cəmi 9,8%-i, investorların təqdim etdiyi 267,2 milyon manatlıq sifarişlərin isə 7,3%-i deməkdir.
Xatırladaq ki, Maliyyə Nazirliyi bir neçə ililk fasilədən sonra yenidən 1080 günlük istiqrazlar ilə qiymətli kağızlar bazarına qayıdıb. Amma böyük ümidlərlə gözlənilən yerləşdirmə baş tutmayıb.
Sentyabrın 22-də nazirliyin ilk cəhdində 200 milyon manatlıq istiqrazları cəmi 10 milyon manatı yerləşdirilib. Sentyabrvn 29-da isə daha 19 milyon manatı satmaq mümkün olub.
Problemin əsas səbəbi istiqrazların gəlirliliyi ilə bağlı Maliyyə Nazirliyi və investorlar arasındakı fikir ayrılığıdır.
İnvestorlar 9%-dək gəlirlilik istəyiblər
Sentyabrın 29-da keçirilmiş hərracın nəticələrinə əsasən, istiqrazların ortaçəkili qiyməti 99,5100 manat, ortaçəkili gəlirliliyi isə 7,1844% təşkil edib.
Kəsmə qiyməti 99,3366 manat, kəsmə gəlirliliyi isə 7,2500% olub.
İnvestorların sifarişlərində təklif edilən minimal qiymət 94,8421 manat olub ki, bu da 9% gəlirliliyə uyğun gəlib. Maksimal qiymət isə 100 manat, buna uyğun gəlirlilik 7% təşkil edib.
Bu rəqəmlər hərracda investorların 7–9% intervalında gəlirlilik tələb etdiyini, qəbul edilmiş sifarişlər üzrə isə orta gəlirliliyin 7,1844% səviyyəsində formalaşdığını göstərir.
İnvestorlar – bank, sığorta şirkətləri, investisiya şirkətləri və fiziki şəxslər dövlət istiqrazlarını almağa hazırdırlar – bunu hərraclardakı sifarişlərin həcmi də təsdiqləyir.
Sentyabrın 22-dəki hərracda 200 milyon istiqraza görə 257 milyon manat, sentyabrın 29-da isə 200 milyon manata qarşı 267 milyon manat sifaoriş verilib, yəni investor qıtlığı yoxdur.
Sadəcə nazirliyin təklif etdiyi gəlirlilik – illik 7% - investorpları qane etmir. Hərracın nəticələrindən görünür ki, investorlar dövlət kağızlarını 7%-lə almaq istəmirlər, onlar üçün optimal hədd 9%-dir. Amma Maliyyə nazirliyinin yanaşması fərqlidir - büdcə qoruyucusu istiqrazları 9%-lə yerləşdirmək fikrindən uzaqdır.
Ortadakı 12 milyon manatlıq fərq hərracların faktiki olaraq baş tutmaması ilə nəticələnib.
Xatırladaq ki, Nazirlik 1080 günlük – yəni 3 illik dövlət istiqrazlarını illik 7%-lə yerləşdirsə, 3 il ərzində investorlara 42 milyon faiz ödəməlidir.
İllik 9%-lik yerləşdirmədə isə bu məbləğ 54 milyon manata yüksəlir. Nazirlikdə bu fərqlə razı deyillər.
Hələlik tərəflərin hansı addımları atacağı məlum deyil, büdcədə hələlik artıqlıq olması səbəbindən nazirliyə istiqrazları hökmən yerləşdrmək kritik dərəcədə vacib görünmür.
İnvestorların düşərgəsində də vəziyyət fərqlidir – bazarda cəlbedici təkliflər çoxdur. Xüsusilə də istiqraz vasitəsilə aşağı faizlə vəsait cəlb etmək yolunu kəşf etmiş BOKT-lar ardıcıl olaraq 12-15% gəlirliliklə istiqrazlar buraxırlar. Əvvəlki illərlə müqayisədə istiqraz və borclanma prosesinə nəzarət güclü olduğundan istiqrazlarla bağlı ciddi təhlükə yoxdur.
Başqa sözlə, investorlar üçün yatırım alətləri çox olduğundan onların dövləti istiqrazlarından nisbətən yüksək faiz gözləntisi başa düşüləndir
Tərəklərin son 2 hərracdarn hansı nəticələr çıxardığı qarşıdakı emissiya buraxılışlarında məlum olacaq.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
|
Emitent |
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
|
Dövlət istiqrazının növü |
Kuponlu, ortamüddətli, dövlət istiqrazları |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ0201240055 |
|
İstiqrazların tədavül müddəti |
1080 gün |
|
Buraxılış həcmi |
200,000,000 manat |
|
Nominal dəyəri |
100 manat |
|
Faiz dərəcəsi (olduqda) |
7.0% |
|
Minimal qiymət |
94.8421 (9.0000%) manat |
|
Maksimal qiymət |
100.0000 (7.0000%) manat |
|
Kəsmə qiyməti |
99.3366 (7.2500%) manat |
|
Ortaçəkili qiyməti |
99.5100 (7.1844%) manat |
|
Reallaşdırılmış həcmi |
19,595,800 manat |
|
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) |
267,199,000 manat |
|
İnvestor sayı |
12 |
|
Sifarişlərin sayı |
28 |
|
Ödəmə tarixi |
29.09.2029 |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |













