Xəbər verildiyi kimi, Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının – ABB-nin yeni səhmlərinin əhaliyə satışı başlayıb.
Abbas İbrahimov: "ABB-nin tam özəlləşdirilməsi gündəmdə deyil"
FED.az-ın məlumatına görə, iyunun 11-dən etibarən ABB-nin səhmlərinə abunə yazılışı başlayıb.
3 ay davam edəcək abunə yazılışı müddətində 322 milyon ədəd səhmi satışa çıxarılacaq. Beynəlxalq Bankın bir səhminin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı zamanı vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.
Başqa sözlə, əgər minimum qiymət olsa, cəmi 27 manatla ABB-nin səhmlərinə sahib olmaq mümkündür.
Qiymətləri və say limitini nəzərə alanda budəfəki abunə yazılışı zamanı ABB-nin maksimum 75 min ədəd səhmini almaq olar ki, bu da 20 250 manat deməkdir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, bu abunə yazılışı zamanı «Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq».
Ümumilikdə ABB-nin satışa çıxarılan 322 milyon ədəd səhminin satışından bank təqribən 87 milyon manat əldə edəcək.
Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki "İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar.
Bu səhmlərin satışından sonra ABB-nin səhmlərinin 10%-i özəl şəxslərə məxsus olacaq, dövlətin payı isə 90% təşkil edəcək.
Xatırladaq ki, ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.