Azərbaycanda alkoqollu və alkaqolsuz içkilərin istehsalı və ticarəti ilə məşğul olan "A+Co” ASC şirkəti yeni səhm buraxır.
FED.az xəbər verir ki, şirkətin hər birinin dəyəri 1 manat olan 190 000 ədəd adi adlı səhmi buraxılacaq. Səhmin buraxılmasında üstünlük hüququ tətbiq olunacaq, bu da o deməkdir ki, yeni səhmləri elə müəssisənin öz səhmdarları alacaq.
Şirkətin isə 1 səhmdarı var – Nəbiyev Nəhayət Ənvər oğlu.
Şirkətin emissiya prospektinə əlavə olunan hesabatından məlum olur ki, 2022-ci ildə "A+Co” ASC-nin satışdan gəlirləri 31,8 milyon manat olub. Satışların maya dəyəri 17,6 milyon manat, inzibati və ümumi xərcləri isə 11,5 milyon manat təşkil edib.
Bundan başqa, 2022-ci ildə "A+Co” ASC məzənnə fərqindən təqribən 500 min manat itirib.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 2 milyon 272 min manat olub, bundan 227 min manat mənfəət vergisi ödənilib.
Nəticədə "A+Co” ASC-nin illik xalis mənfəəti 2 milyon 45 min manat olub.
Qeyd edək ki, şirkət son 3 ildir ki, ili belə yüksək gəlirlə başa vurur. Belə ki, 2020-ci ildə şirkətin xalis mənfəəti 2,4 milyon manat, 2021-ci ildə isə 2,3 milyon manat olub.
"A+Co” ASC böyük şirkətdir - 2022-ci ilin sonuna "A+Co” ASC-nin cəmi aktivləri 79,5 milyon manat olub. 2021-ci illə müqayisədə şirkətin aktivləri 7 milyon manat və ya 10%-ə yaxın artıb. Son iki ildə şirkət 30 milyon manat «böyüyüb». Halbuki, 2020-ci ildə "A+Co” ASC-nin aktivləri 50 milyon manat olmuşdu.
2022-ci ildə şirkət borclarını daha 6 milyon manat artırıb və bununla da öhdəlikləri 27 milyon manatı keçib. Bunun 12,5 milyon manatı uzunmüddətli kreditlərdir.
Şirkətin cəmi kapitalı isə 52 milyon manta yaxındır – kapital öhdəlik nisbəti olduqca yaxşıdır.
Bu dəfəki səhm buraxılışı nəticəsində şirkətin nizamnamə kapitalı indiki 10 min manatdan 200 min manata yüksələcək.
Qeyd edək ki, şirkətin direktoru bu vəzifəni 2012-ci ildən tutan Qasımov Xanoğlan Məsim oğludur.
Təbii ki, belə gəlirlə işləyən şirkətdən başqasına pay vermək düzgün olmazdı – ona görə də səhmlərin buraxılması prosesində üstünlük hüququ nəzərdə tutulub. Bu da o deməkdir ki, səhmlər satışa çıxarılandan sonra ilk 2 gün ərzində yalnız onun indiki səhmdarları, yəni Nəbiyev Nəhayət Ənvər oğlu sifariş verə bilərlər. Əgər səhmdar bu hüquqdan istifadə etməsə, səhmlər başqa şəxslər üçün də açıq olacaq. Amma təcrübə göstərir ki, adətən mövcud səhmdarlar yeni səhmləri özləri alır və başqalarına saxlamırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.