ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi zərbələrdən sonra ölkədə fəaliyyət göstərən kriptovalyuta birjalarından vəsait çıxarılması kəskin artıb.
İran Yaxın Şərqdəki bank və maliyyə qurumlarını hədəf elan edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 28 fevral – 2 mart tarixlərində İran kriptobirjalarından təxminən 10,3 milyon dollar dəyərində kriptoaktiv çıxarılıb. Zərbələrdən sonra saatlıq çıxarış həcmi bəzi saatlarda 2 milyon dollara yaxınlaşıb və 2026-cı ilin orta göstəricisindən 873% yüksək olub.
Analiz göstərir ki, çıxarılan vəsaitlərin təxminən 60%-i istifadəçilərin şəxsi kriptocüzdanlarında saxlanılır, 27%-dən çoxu isə xarici kriptobirjalara köçürülüb.
Analitiklər bildirir ki, İran ABŞ sanksiyalarına görə qlobal kriptobirjalara məhdud çıxışa malikdir və istifadəçilər əsasən yerli platformalardan istifadə edir. Bu səbəbdən belə hallarda vəsaitlər adətən İran daxilində fəaliyyət göstərən kriptobirjalardan şəxsi cüzdanlara və ya xarici platformalara köçürülür.
Araşdırmaya görə, bəzi cüzdanların SEPAH ilə əlaqəli hesablarla əməliyyat əlaqələri olub. Analitiklər qeyd edir ki, bu dinamika İranın 7,8 milyard dollarlıq kriptoekosistemində geosiyasi gərginliklər zamanı blokçeyn əməliyyatlarının artması ilə bağlı əvvəlki tendensiyanı təkrarlayır.
Qeyd edək ki, ABŞ sanksiyalarına görə, Binance və Coinbase kimi böyük qlobal platformalar iranlı istifadəçilərə rəsmi xidmət göstərmir. Buna görə ölkədə yerli kriptobirjalar formalaşıb və istifadəçilər əsasən onlardan istifadə edir. İranın ən böyük kriptobirjası isə Nobitex hesab olunur. Bu platformalar istifadəçilərə Bitcoin, Ethereum və digər kriptoaktivlərin ticarətini aparmağa, həmçinin kriptonu rialla dəyişməyə imkan verir. Eyni zamanda, bəzi hallarda xarici kriptobirjalara çıxış üçün keçid rolunu oynayır.












