Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”-in ABŞ-ın kredit reytinqini aşağı salmasının investorların narahatlıqlarını artırmasl fonunda birjalarda mənfi kurs müşahidə olunub.
ABŞ-ın kredit reytinqi endirildi - Son 12 ildə ilk dəfədir
Qeyd edək ki, çərşənbə günü "Fitch" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib, buna "gələcək üç il ərzində gözlənilən maliyyə vəziyyətinin pisləşməsi" və idarəetmənin aşınmasını əsas gətirib.
ABŞ maliyyə naziri Janet Yellen bildirib ki, ölkənin iqtisadi gücünü nəzərə alaraq “Fitch”-in qərarını anlamaq çətindir.
“Fitch”-in "səhv" qiymətləndirməsinin köhnəlmiş məlumatlara əsaslandığını müdafiə edən Yellen, "ABŞ Xəzinə istiqrazları dünyanın aparıcı təhlükəsiz və likvid aktivi olaraq qalır və Amerika iqtisadiyyatı əsas etibarilə güclüdür" - deyə vurğulayıb.
ABŞ-ın ən böyük banklarından biri olan “JPMorgan Chase”-in CEO-su Ceymi Daymon, “Fitch”-in kredit reytinqini aşağı salınmasının əslində heç bir əhəmiyyət kəsb etmədiyini bildirib və ABŞ-ın dünyanın ən "çiçəklənən" və "təhlükəsiz" ölkəsi olduğunu müdafiə edib.
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da özəl sektorda məşğulluq iyul ayında 324 min nəfər artaraq proqnozları üstələyib. İyul ayında illik əmək haqqı artımı 6.2% təşkil edib ki, bu da 2021-ci ilin noyabrından bəri ən aşağı tempdir.
Bu gün isə gün ərzində açıqlanacaq Türkiyədə İstehlak Qiymətləri İndeksi, Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı və BoE-nin sədri Endryu Beylinin Çıxışı investorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 102.80 bənd səviyyəsində qərarlaşan DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. “Ayılar”ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.