Bu gün ABŞ-da 2022-ci ilin son rübü üçün ümumi daxili məhsulun (ÜDM) həcminə dair rəqəmlər açıqlanacaq. Analitiklər ötən ilin üçüncü rübündə 3.2% artan Amerika iqtisadiyyatının dördüncü rübdə daha az böyüyəcəyini proqnozlaşdırırlar - 2,6%.
Nəticə ən azı proqnozları qarşılamasa, bu, tez-tez gündəmə gələn resessiya ehtimallarını daha da artıra bilər. Bu isə öz növbəsində dollar üzərində təzyiqlərin bir qədər də artmasına səbəb ola bilər.
Təhlillərə əsasən hazırda 101.30 bənd hədlərinə qərarlaşan Dollar İndeksi 100 bənd hədlərinə kimi geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.10$ və 1.25$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti psixoloji müqavimət həddi olaraq qəbul edilən 1942$ səviyyəsinin üzərinə yüksəlib. Əgər “Buğa”lar qiyməti bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 1950$ və 1965$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.