Çərşənbə günü açıqlanan statistik rəqəmlərə əsasən ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi keçən həftə 6.71% olub ki, bu da 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək göstəricidir.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Təchizat İdarəetmə İnstitutu (ISM) Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi fevral ayında 47.7 bənd ilə bazar gözləntilərinin altında qaldı və istehsal sənayesində ardıcıl dördüncü ayda daralmaya işarə etdi. “S&P Global”-ın İstehsal Sənayesi Satınalma Menecerləri İndeksi (PMI) məlumatları da 47.8 bənddən 47.3 bəndə düşüb.
Digər tərəfdən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 2022-ci ilin noyabrından bəri ilk dəfə 4%-dən yuxarı qalxıb.
FED-in növbəti toplantısı yaxınlaşdıqca Amerikada monetar siyasətin gələcəyinə dair ehtimallara köklənən investorlar FED rəsmilərinin açıqlamalarını diqqət mərkəzində saxlayırlar.
Minneapolis FED sədri Nil Kaşkari, FED-in növbəti iclasında faiz dərəcələrini 25 və ya 50 baza bəndi artırılmasının gərəkliliyi mövzusunda "açıq fikirli" olduğunu, pul-kredit siyasətini az sərtləşdirmə riskinin həddindən artıq sərtləşdirmə riskindən daha böyük olduğunu müdafiə edib.
Kaşkari bildirib ki, faiz dərəcələri keçən ilin dekabrında kafi olacağını düşündüyü 5.4% səviyyəsindən də yuxarı qaldırıla bilər.
Atlanta FED sədri Rafael Bostiç də Bankın uçot faiz dərəcəsinin 5% - 5.25% aralığında qala biləcəyinə dair mövqeyi dəyişməyib. O, həmçinin monetar siyasətin 2024-cü ilə qədər sərt qalması lazım olduğunu bildirib.
Dolların bahalaşması fonunda ucuzlaşan EUR/USD və GBP/USD məzənnələrində tendensiyanın necə davam edəcəyinə bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) və 16:30-da dərc olunacaq Avropa Mərkəzi Bankının son toplantısının protokolları ciddi təsir edə bilər.
Cari ticarət həftəsinə artımlarla başlayan qızıl 1841$ həddində müqavimətlə qarşılaşaraq ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edər və qiymətli metalın bir unisya üzrə dəyəri 1831$ həddinin altına düşərsə, 1822$ və 1813$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.