Dünya iqtisadiyyatı və birjalardakı proseslər baxımından olduqca zəddiyətli və maraqlı keçən 2022-ci ildən sonra 2023-cü ildə birjalarda vəziyyətin necə olacağı hamını maraqlandırır.
Xüsusilə investorlar və birjalarda ticarət edənlər il ərzində müxtəlif ticarət alətləri üzrə proqnozları bilmək istəyirlər. Azərbaycanın aparıcı investisiya şirkəti olan «İnvetsAz» İnvestisiya Şirkəti cari il üçün birjalar üzrə proqnozlarını hazırlayıb.
FED.az xəbər verir ki, «İnvetsAz» İnvestisiya Şirkətinin Tədris və Analiz Departamentinin müdiri Tusi Heydərov 2023-cü il üzrə proqnozları təqdim edir.
EURUSD cütlüyündə 2023-də nə proqnozlaşdırılır?
2022-ci il bazarlar üçün çətin il oldu. Bu qeyri-sabit və çətin il ərzində bir çox valyuta və səhmlər ABŞ dollarına qarşı mübarizə aparsa da, dollar investorlar üçün etibarlı sığınacaq olub.
Son iki ildə əsas valyutalara nəzər salsaq, Dollar qarşısında noyabrdan başlayan rallidən əvvəl ən çox zəifləyən pullardan biri Avro oldu. Beləki, Avro 2022-ci ili Dollar qarşısında 12,7% itki ilə başa vurdu.
EURUSD-də yüksəliş 2023-cü ildə də davam edəcəkmi?
2022-ci il Sentyabr ayının sonuna qədər FED faizlərinin sürətli artımının dəstəklədiyi dollardakı rallinin gücü Avropa Mərkəzi Bankının (ECB) yüksək inflyasiyaya baxmayaraq monetar siyasətdəki yumşaq mövqeyi fonunda avro üzərində təzyiqləri daha da artırmışdı.
Bundan başqa, Ukraynadakı müharibə və ondan irəli gələn enerji böhranı da Avropa iqtisadiyyatına ABŞ iqtisadiyyatından qat-qat çox təsir edərək dollara əlavə üstünlük verirdi.
Amma indi kontekst başqadır. FED-in faiz artımı proqramındakı yavaşlama və ABŞ-da inflyasiyanın sakitləşməsi (bir-biri ilə sıx əlaqəli iki konsepsiya) investorların cütlüyü yenidən qiymətləndirməsinə səbəb olub.
Avro/dollar pariteti "ECB"-nin 2022-ci ildə faiz artımında FED-dən geri qalmasından əziyyət çəksə də, 2023-cü ildə "ECB" öz növbəsində daha yumşaq monetar siyasət siqnalları verən FED-i "yaxalaya" bilər ki, bu da, vəziyyətin əksinə dəyişməsinə səbəb ola bilər.
2023-cü ildə diqqətlər FED-ECB faiz dərəcələri arasındakı fərqə yönələcək
FED-ECB faiz dərəcələri arasındakı fərqlə bağlı bazar gözləntiləri 2023-cü ildə avro/dollar üçün əsas olacaq. Xüsusilə 2023-cü ildə bu mövzuda əsas sual FED-in yoxsa, AMB-nin faiz dərəcələrini ilk olaraq endirməyə başlayacağıdır.
Analitiklər FED-in 2024-cü ildə "ECB"-dən daha intensiv şəkildə faiz dərəcələrini azaldacağını və nəticədə FED-in faiz dərəcələri ilə "ECB"-nin depozit faiz dərəcələri arasındakı fərqin kəskin azalacağını proqnozlaşdırırlar. Bu da, öz növbəsində EURUSD cütlüyündə artım tendensiyası olaraq öz əksini tapa bilər.
Monetar siyasət inflyasiya və iqtisadi artım tempindən asılı olaraq qalır
Həm FED, həm də AMB-nin monetar siyasəti iqtisadi inkişaf səviyyəsindən, xüsusilə inflyasiyanın gedişatından və yüksək faiz dərəcələrinin iqtisadi artıma təsirlərindən asılı olaraq davam edəcək. Önümüzdəki aylarda Avropa və ya ABŞ-da inflyasiyanın gözləniləndən daha sürətli düşməsi müvafiq mərkəzi bank üçün faiz artımı gözləntilərini azaldacaq. Əksinə, mərkəzi bankın tədbirləri inflyasiyanı hədəfə qaytarmaq üçün yetərli görünməsə, faiz gözləntiləri yüksələ bilər.
Həmçinin 2023-cü ildə ciddi resessiya ehtimallarının güclənməsi də uçot dərəcələrindəki artımların gözləniləndən daha sürətli başa çatmasını və daha aşağı faiz gözləntilərinə doğru hərəkəti əsaslandıran amil olacaq.
Rusiya - Ukrayna müharibəsi - potensial ikitərəfli “joker” kartı
2023-cü ildə münaqişənin başa çatması avro/dollar üçün güclü yüksəliş amili ola bilər.
Digər tərəfdən, Rusiya qitəyə qaz nəqlini tamamilə kəsmək qərarına gəlsə, Ukraynadakı müharibənin Avropa iqtisadiyyatına təsiri daha da pisləşə bilər. Bu halda, analitiklərin cütlüyün yenidən 1$-dan aşağı düşməsi barədə proqnozları gündəmi zəbt edəcək.
Tutarlı texniki "buğa" siqnalı EURUSD cütlüyündə artım tendensiyasını dəstəkləyə bilər
Qeyd edək ki, texniki analiz əsasında EURUSD cütlüyündə artım trendinə investorlar tərəfindən yaxından izlənilən bir siqnal dəstək ola bilər. Gördüyümüz kimi, günlük qrafikdə 50 günlük hərəkətli ortalama (MA50) sürətlə 200 günlük hərəkətli ortalamaya (MA200) yaxınlaşır. "Golden cross"-un (Qızıl xaç kimi tanınan mühüm texniki siqnalın) reallaşması isə məzənnədə artımları dəstəkləyə bilər.
Həmçinin, sentyabrın ortalarında başlatmış olduğu yuxarı istiqamətlənmiş kanalın üst sərhəddi qırılmış və "buğa" meylli yeni bir kanal formalaşmışdır ki, bu da artımlara növbəti dəstək kimi qiymətləndirilə bilər.
50 günlük hərəkətli ortalamanın (MA50) 200 günlük hərəkətli ortalamanı (MA200) yuxarı qırması "Golden cross" yüksəliş siqnalıdır. Bu siqnal sonuncu dəfə 2020-ci ilin iyun ayının sonunda qeydə alındıqda, avro/dollar cütü sonrakı 6 ayda təxminən 11 500 point dəyər qazanmışdı.
Bu siqnaldan fərqli olaraq, 2021-ci ilin iyul ayının sonunda MA50 MA 200-ü yuxarıdan aşağı kəsdikdə "Dead cross" (Ölüm xaçı kimi tanınan siqnal) yaranmışdı ki, sonrakı 14 ayda EURUSD məzənnəsi 20 000 pointdən çox ucuzlaşdı.
Buna görə də, MA50-nin MA200-ə doğru sürətlə irəliləməsi 2023-cü ilin əvvəlinə qədər yaxından izlənilməli ciddi siqnal hesab edilə bilər.
Qızılda bu il yeni rekord ehtimalları
Artan resessiya ehtimalları “etibarlı liman” maliyyə aləti olan qızılı gücləndirsə də, qızıl kəskin hərəkətlər göstərmək potensialına malikdir. Təhlillərə əsasən, qiymətli metalın bir unsiya üzrə dəyəri üçün 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir. Yaxın perspektivdə 1850$-dan aşağı yönəlmiş aqressiv satış həcmlələri qızılın 1798$-a qədər ucuzlaşmasına səbəb ola bilər.
Qızıl bu il yeni rekorda imza ata bilər
Bununla belə, texniki mənzərə göstərir ki, 1942$ hələ də qiymətli metal üçün əsas müqavimət həddi ola bilər və bu hədəfin birinci rüb ərzində aktuallığını qoruyacağı proqnozlaşdırılır. Yəni yeni tarixi maksimumlar üçün üç ay vaxt lazım gələ bilər.
Əsasən qızıl güclü rallilər sərgiləyə bilən bazarın bütün xüsusiyyətlərinə malikdir.
2023-cü ilin ilk günlərindən yeni il resessiya ehtimallarına dair yeni təhlükə əlamətlərini də bərabərində gətirib ki, bu da, qızılın bir unsiya üçün qiymətini 1878$-a, təxminən yeddi ayın ən yüksək səviyyələrinə itələdi.
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın üç əsas iqtisadi inkişaf mərkəzinin - ABŞ, Avropa və Çinin 2023-cü ilin əvvəlində daha zəif iqtisadi göstəricilərlə üzləşdiyini və bunun qlobal iqtisadi yavaşlama riskini artırdığını bildirib.
Ötən həftə açıqlanan xüsusi sorğunun nəticələrinə görə, Çində İstehsal Fəaliyyətləri İndeksi dekabr ayında ardıcıl beşinci ay da geriləyib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin, "COVİD-19"-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən bəzi məhdudiyyətləri yumşaltdıqdan sonra virusa yoluxma hallarının görünməmiş artımı ilə mübarizə aparır.
Rəqəmlər dekabrın əvvəlində ölkənin "COVID-19"-la mübarizə siyasətində qəfil dönüşündən sonra artan infeksiyalarla mübarizə aparmalı olan Çin istehsalçılarının üzləşdiyi çətinlikləri ortaya qoyur.
Prezident Si Jinping yaxınlarda Çin iqtisadiyyatının 2022-ci ildə 4,4% böyüdüyünü bildirmişdi ki, bu da proqnozlardan xeyli yüksəkdir. Bununla belə, Jinping iqtisadiyyata pandemiya ilə bağlı maneələrin yaxın aylarda artacağını da qeyd edib.
Qlobal bazarlar üçün 2023-cü ildə proqnozların çoxu monetar siyasətin trayektoriyasından asılıdır. Çünki mərkəzi banklar iqtisadi artımın yavaşlaması fonunda keçən ilki aqressiv faiz artımı siyasətindən imtina etməyi düşünürlər.
Bununla belə, iqtisadçılar inflyasiyanın əksər qlobal iqtisadiyyatlarda hədəf diapazondan xeyli yuxarıda qalacağını ehtimal edirlər. Bu səbəbdən də birjalarda ilin sonuna qədər faiz dərəcələrinin aşağı salınması ilə bağlı ciddi fikir ayrılığı hökm sürür.
Çərşənbə axşamı müşahidə olunan qızılın rallisi dollardakı toparlanmaya baxmayaraq baş verdi və qiymətli metalın gücünü bir daha təsdiqlədi. Qeyd edək ki, Dollar İndeksi və 10 illik ABŞ Xəzinədarlıq istiqrazları əsasən qızılla mənfi korellasiyadadırlar. İqtisadi artım səviyyəsi və ya inflyasiya ilə bağlı narahatlıqlar artdığı zamanlarda, qızıl “güvənli liman” maliyyə aləti olaraq yüksəlməyə meyllidir.
İnvestorlar FED-in bu il faiz artımı ilə nə edəcəyini anlamağa çalışarkən indi bütün gözlər qızıl, dollar və ABŞ Xəzinədarlıq istiqrazlarına yönəlib. ABŞ-da inflyasiyanın pik həddə çatdığına dair artan ehtimallar fonunda mərkəzi bankın fevral iclasında faiz dərəcələrini 25 baza bəndi (0,25%) artıracağı proqnozlaşdırılır. FED ötən il ümumilikdə uçot dərəcələrini 425 baza bəndi (4,25%) artırıb.
Mütəxəssislərin fikrincə, bu il mərkəzi bankların həqiqətən yumşaq monetar siyasətə keçid etməsi halı qızıl qiymətlərinə böyük dəstək ola bilər.
Qızıl qiymətləri 2022-ci ilin noyabr ayının əvvəlindən birjalarda hökm sürən qeyri-müəyyənlik, artan resessiya ehtimalları və mərkəzi bankların daha çox qızıl alışları etməsi səbəbilə artan tələb fonunda ümumi olaraq artım tendensiyası sərgiləyir.
Bu il çox güman ki, qızıl üçün "yeni sekulyar buğa bazarı" hakim ola və qiymətlər 2100$-ı keçə bilər.
Lakin bəzi bazar iştirakçıları tərəfindən fyuçerslərə nisbətən daha yaxından izlənilən spot qızıl üçün texniki qrafikə əsasən unsiya üzrə 1942$ səviyyəsi birinci rüb ərzində əsas psixoloji müqavimət həddi olaraq aktuallığını qoruya bilər.
Təhlillərə əsasən spot qızılın unisiya üzrə 2000$-dan yuxarı yeni bir rekord vurması üçün 1942$ həddi qırılmalı və "buğa"lar qiymətləri bu səviyyənin üzərində stabilləşdirməyi bacarmalıdırlar.
FED-in faiz dərəcələrinin adətən ikinci rübdə zirvəyə çatdığını və Çində epidemoloji vəziyyətin pisləşdiyini göstərən əlamətlərlə potensial resessiyanın qaçılmaz olduğunu nəzərə alsaq, qızılın ikinci rübdə 1942$ həddini keçməsi təəccüblü olmaz.
Spot qızılda 1942$ həddini əhəmiyyətli edən başqa bir səbəb də var.
Beləki, 1920$ həddi 2020-ci ilin avqustunda 2070$ səviyyəsində yeni maksimum yaranana qədər uzun müddət idi ki, spot qızıl üçün maksimum səviyyə idi və 2022-ci ilin martında yerini 2070$ həddinə verərək tarixi maksimum statusunu itirmişdi.
Tusi Heydərov
İnvetsAz İnvestisiya Şirkəti
Tədris və Analiz Departamentinin müdiri