“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı və 3 il müddətli istiqrazlar buraxır.
FED.az bu barədə buraxılışın Emissiya prospektinə istinadən xəbər verir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 6 faiz təşkil edir.
Ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 3 (üç) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 təqvim günündən bir ödənilir. 90-cı gün qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcəkdir.
İstiqrazlar təminatsızdır. İstiqrazların Emitent tərəfindən tədavül müddəti ərzində geri satın alınması nəzərdə tutulmayıb.
İstiqrazların kütləvi təklif üsulu ilə ilkin yerləşdirilməsi Emissiya Prospekti dövlət qeydiyyatına alındıqdan sonra “Bakı Fond Birjası” QSCnin ticarət platforması vasitəsilə həyata keçiriləcəkdir. İstiqrazların listinqə daxil edilməsi ilə bağlı müraciət istiqrazın buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra ediləcəkdir.
İnvestorlardan cəlb olunacaq əlavə vəsaitlə ÇİRES (Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi) layihəsi üzrə işlərin görülməsi və yeni mədənlərin işə salınması nəzərdə tutulur.
İstiqrazların buraxılışı və yerləşdirilməsi prosesində anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir (Əlaqə telefonu: 1548).