2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bağlanmış əqdlərin ümumi məbləği 64 milyard 448,4 milyon manat təşkil edib. Bu, əvvəlki il ilə müqayisədə 8 milyard 24,9 milyon manat və ya 11,1% azalma deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatlarına istinadən xəbər verir.
Bazarda geriləmə əqdlərin sayında daha kəskin müşahidə olunub. Belə ki, il ərzində cəmi 30 min 916 əqd bağlanıb ki, bu da əvvəlki ilə nisbətən 41 min 356 əqd və ya 57,2% (2,3 dəfədən çox) azalma deməkdir.
İlkin bazarda əməliyyatların məbləği 614 milyon manat (7,1%) azalaraq 8 milyard 36,9 milyon manata enib. Bu bazarda əqdlərin sayı isə kəskin – 91,6% azalaraq 51 min 762-dən 4 min 323-ə düşüb. Bunun əksinə olaraq, təkrar bazarda əməliyyatların məbləği 7,4 milyard manat (11,6%) azalaraq 56 milyard 411,5 milyon manat olsa da, əqdlərin sayı 29,7% artaraq 20 min 510-dan 26 min 593-ə yüksəlib.
Bazarın ümumi kiçilməsinə baxmayaraq, dövlət qiymətli kağızları seqmentində əməliyyatların məbləği 2 milyard 817,7 milyon manat (35,8%) artaraq 10 milyard 682,1 milyon manata çatıb. Buna qarşılıq, bu seqmentdə əqdlərin sayı 1483 ədəd (54,4%), yəni 2 dəfədən çox azalıb.
Bu artımda həlledici rolu dövlət istiqrazlarının təkrar bazarı oynayıb. Həmin bazarda əməliyyatların məbləği 3 milyard 399,2 milyon manat , yəni 3,2 dəfə artaraq 1,4 milyard manatdan 4,5 milyard manata yüksəlib. İlkin bazar isə demək olar ki, dəyişməyib.
Mərkəzi Bankın notları bazarında isə əməliyyatların həcmi 594,8 milyon manat (29,9%) azalaraq 1,4 milyard manata enib.
Bu azalmanın əsas səbəbi ilkin bazardakı 19,5%-lik geriləmə olub.
Bazarın digər seqmentlərində isə geriləmə müşahidə olunub. Korporativ qiymətli kağızlar bazarında əməliyyatların məbləği 553,5 milyon manat (15%) azalaraq 3 milyard 133,2 milyon manata, əqdlərin sayı isə 38 min 257 ədəd (62,7%), yəni 2,7 dəfəyə yaxın azalaraq 22 min 801-ə enib.
Hesabat dövründə korporativ istiqrazlar üzrə əməliyyatların ümumi məbləği 2 milyard 651,8 milyon manat olub ki, bu da korporativ bazarın 84,6%-i deməkdir. Bu seqmentdə 5 min 875 əqd bağlanıb. İstiqrazların ilkin bazarında 1 milyard 536,3 milyon manat (manatla 994,7 milyon, xarici valyuta ilə 541,6 milyon), təkrar bazarında isə 1 milyard 115,6 milyon manat (manatla 846,5 milyon, xarici valyuta ilə 269,1 milyon) həcmində əməliyyatlar aparılıb.
Bunun əksinə olaraq, səhmlər bazarının həcmi daha kiçik olub. Səhm bazarında 16 min 926 əqd üzrə cəmi 481,3 milyon manatlıq əməliyyat aparılıb. Maraqlıdır ki, səhm bazarının ilkin bazarında cəmi 38 əqd bağlanmasına baxmayaraq, məbləğ 328,2 milyon manat təşkil edib. Təkrar bazarda isə 16 min 888 əqd üzrə cəmi 153,1 milyon manatlıq ticarət həyata keçirilib.
Ən böyük həcmə malik Repo/əks-repo bazarında da azalma qeydə alınıb. Bu əməliyyatların həcmi 10 milyard 289,1 milyon manat (16,9%) azalaraq 50 milyard 633,1 milyon manata düşüb. Əsas geriləmə korporativ qiymətli kağızlarla repo əməliyyatlarında baş verib; bu əməliyyatlar 2 milyard 325,5 milyon manat (65,7%), yəni təxminən 3 dəfə azalaraq 1,2 milyard manata enib. Bunun əksinə olaraq, dövlət istiqrazları ilə repo əməliyyatları isə 13 milyard 267,5 milyon manat (53,7%) artaraq 38 milyard 36,4 milyon manata yüksəlib.
Xatırladaq ki, 2024-cü ildə qiymətli kağızlar bazarının ümumi məbləği 72,5 milyard manat, dövlət qiymətli kağızları bazarının həcmi 7,9 milyard manat, korporativ qiymətli kağızlar bazarının həcmi isə 3,7 milyard manat təşkil etmişdi.











