Bakı Fond Birjası (BFB) mümkün birja açılımlarına hazırlaşır.
Birjada pul qazanmaq mümkündürmü?
FED.az xəbər verir ki, bu barədə BFB-dən açıqlama verilib. Bildirilib ki, bunun üçün tələb olunan texniki və hüquqi baza tam hazır olduğu halda mümkün birja açılımları dəyərləndirilə bilər: “Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının genişləndiyi bir mühitdə kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətin müasir tələblərə uyğun səmərəli təşkili və beynəlxalq standartların tətbiqi, dünya üzrə nüfuzlu fond birjaları və maliyyə qurumları ilə faydalı əməkdaşlıq münasibətlərinin qurulması Bakı Fond Birjası üçün mühüm əhəmiyyət kəsb edir. Bakı Fond Birjası bu istiqamətdə bir çox qabaqcıl beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir. Bunlara Dünya Birjaları Assosiasiyası, Beynəlxalq Birjalar Assosiasiyası, BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunu misal göstərmək olar”.
Xatırladaq ki, bir müddət öncə BFB Azərbaycan vətəndaşlarının İstanbul birjasına giriş əldə edəcəkləri ilə bağlı məlumat yayıb. Borsa İstanbul Bakı Fond Birjasının səhmdarlarından biridir. BFB-nin nümayəndə heyəti 2024-cü ilin mart ayında İstanbul birjasında görüş keçirmək üçün işgüzar səfərdə olub. “Bu səfər çərçivəsində təcrübə mübadiləsi ilə yanaşı, Azərbaycan vətəndaşlarının Türkiyə dövləti, eləcə də korporativ sektorun qiymətli kağızlarına investisiya imkanları müzakirə edilib. Lakin mümkün birja çıxışlarının əlaqələndirilməsi ətraflı və uzunmüddətli texniki və hüquqi araşdırmalar və hazırlıqlar tələb edir. Qeyd etdiyimiz kimi, texniki və hüquqi baza tam hazır olduğu halda mümkün birja açılımları dəyərləndirilə bilər” – deyə BFB-dən bildirilib.
Digər birjalarda dövriyyədə olan qiymətli kağızları Bakı Fond Birjasına gətirmək ehtimalına gəlincə, bildirilib ki, Bakı Fond Birjası müntəzəm olaraq beynəlxalq və regional maliyyə institutları, o cümlədən xarici birjalar ilə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıqlar çərçivəsində təcrübə və bilik mübadiləsi və mümkün əməkdaşlıq istiqamətləri üzrə danışıqlar aparılır. Xarici qiymətli kağızlar üzrə ticarət əməliyyatlarının həyata keçirilməsi həm BFB, həm də bazarın digər peşəkar iştirakçıları tərəfindən texniki və hüquqi infrastrukturun təkmilləşdirilməsi hesabına baş tutmalıdır.
BFB, həmçinin, qısa və ortamüddətli perspektivdə Azərbaycanda fiziki şəxslər üçün kapital bazarlarına çıxış imkanlarının genişlənməsi istiqamətində görülən işlərə də toxunub. Bildirilib ki, birjanın yeni strateji inkişaf planı həm emitentlər, həm də investorlar üçün maliyyələşmə və yatırım etmə imkanlarını şəffaf və əlçatan etməyi nəzərə almaqla Azərbaycan kapital bazarının daha da dərinləşməsini hədəfləyir: “Bu məqsədlərə nail olmaq üçün səhm bazarı və istiqraz (borc) bazarının inkişafı istiqamətində 7 təşəbbüs formalaşdırılıb. Həm investorlar, həm də maliyyələşən emitentlər üçün rəqəmsal, şəffaf və dayanıqlı tiacarət platformasının və bazar infrastrukturunun yaradılması əsas prioritetlərdəndir. Fiziki şəxs olan investorların sentyabr ayında ABB-nin səhm emissiyasının ilkin yerləşdirilməsində və sonradan təkrar bazarda sərbəst şəkildə ticarətini təmin etmək üçün texniki infrastrukturun imkanları artırılır, BFB-nin üzvləri olan investisiya şirkətləri ilə birlikdə BFB-nin ticarət sisteminə uzaqdan qoşulma (APİ) keçidlərinin verilməsi həyata keçirilir”. (Vergiler.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.