Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı əsasında Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kapital artımında Azərbaycan Respublikasının iştirakı ilə bağlı qərar qəbul olunub.
Eləcə də bax: Azərbaycanda ilk dəfə - 5 İLLİK DÖVLƏT İSTİQRAZLARI BURAXILIB
Sərəncama əsasən, ölkəmizin BYİB-də əlavə 505 səhmə abunə yazılması üçün müvafiq sənədlərin imzalanması səlahiyyəti maliyyə naziri Samir Şərifova və ədliyyə naziri Fikrət Məmmədova verilib.
Əlavə 505 səhmə sahib olmaqla ümumi səs paritetində Azərbaycan Respublikasının 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılması təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildən üzv olduğu Dünya Bankı Qrupuna daxil olan BYİB-da ümumi dəyəri 286 milyon ABŞ dolları olan 2.371 (ümumi səs paritetinin 0,13 faizi) səhmə malikdir. 189 səhmdar ölkəyə məxsus dünyanın ən böyük inkişaf bankı olan BYİB orta gəlirli və kreditalma qabiliyyəti aşağı olan ölkələri kredit, zəmanət, riskin idarə edilməsi məhsulları və maliyyə məsləhətləri ilə təmin etməkdədir.