Yanvarın 28-də Maliyyə Nazirliyi tərəfindən ilk dəfə tədavül müddəti 5 il olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında uğurla yerləşdirilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50.5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101.36 (gəlirlilik 8.16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.
Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.
Eyni zamanda, bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.
Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.