“ASCO istiqrazları”nın təqdimat mərasimi keçirilib
FED.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə tədbir keçirilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" 100 milyon dollarlıq - İSTİQRAZ BURAXIR
Mərasimdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Milli Məclisin üzvləri, bank və sığorta şirkətlərinin rəhbərləri, dənizçilər və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “ASCO istiqrazları” haqqında hazırlanmış reklam filmi nümayiş olunub.
ASCO sədri Rauf Vəliyev çıxış edərək bildirib ki, istiqrazlardan əldə olunan gəlir Azərbaycanın ən qədim şirkəti olan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Bununla belə, tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq.
Çıxışlardan sonra istiqrazların şərtləri və satış məntəqələri barədə məlumatları özündə əks etdirən video təqdim olunub.
Qeyd edək ki, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir.
100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər.
İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir.
Dollarda yüksək gəlirli maliyyə aləti olan ASCO istiqrazları sahiblərinə 5 il müddətində dövlət zəmanətli qazanc vəd edir.
Yeni tədavülə buraxılan istiqrazlar haqqında www.ascoistiqraz.az saytına daxil olmaqla və ya 1548 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə etmək mümkündür.