Ölkənin, xüsusilə bölgələrdə aparıcı banklarından olan «Turanbank» 2022-ci ilin 1-ci rübünün nəticələri üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: "TuranBank "2022-ci ilin I rübünü 1 milyon manat mənfəətlə - BAŞA VURDU
FED.az xəbər verir ki, 1-ci rübdə «Turanbank»ın faiz gəlirləri 4 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 13,5 milyon manata çatıb. ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat və ya təqribən 24% artaraq 15,5 milyon manat olub.
Faiz gəlirlərinin böyük hissəsi – 12,4 milyon manatını ayrılmış kreditlər üzrə əldə edilən faizlər təşkil edib (44% artıb).
Qiymətli kağızlardan qazancı artıb
Bununla yanaşı, «Turanbank» qiymətli kağızlara yatırımlardan da ciddi pullar qazanmağa başlayıb. 1-ci rübdə bank bu mənbədən 900min manat əldə edib, bu ötən illə müqayisədə 300min manat və ya 50% artıqdır.
Əmanət sahiblərinə 6 milyon manat ödəyib
Bankın faiz xərcləri də təqribən 30% artaraq 6,1 milyon manatdan 7,8 milyon manata yüksəlib. 1-ci rübdə «Turanbank» təkcə əmanət sahiblərinə 6 milyon manatdan artıq ödəniş edib (əvvəlki illə müqayisədə 20% artım).
Nəticədə bankın xalis faiz gəliri 70%-dən çox artaraq 5,7 milyon manata çatıb.
Valyuta əməliyyatlarından gəlirlər 4 dəfə artıb
Ciddi artım baş verən sahələrdən biri qeyri-faiz gəlirləridir. 1-ci rübdə «Turanbank»ın qeyri-faiz gəlirləri 80% artaraq ötənilki 973 min manatdan 1 milyon 749 min manata yüksəlib.
Bankın göstərdiyi xidmətlər üzrə haqq və komissiya gəlirləri 20% artdığı halda, valyuta əməliyyatlarından gəlirləri 4 dəfədən çox artıb.
2,9 milyon manat əmək haqqı verib
«Turanbank»ın qeyri-faiz xərcləri də 40%-dən çox artaraq 5,9 milyon manata çatıb. Ötən 3 ayda «Turanbank» öz əməkdaşlarına 2,9 milyon manat əmək haqqı ödəyib bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% artıqdır. Bankın inzibati xərcləri də artaraq 1,5 milyondan 2 milyon manata çatıb.
Xalis mənfəəti 10 dəfə artıb
Nəticədə «Turanbank» cari ilin 1-ci 1,5 milyon manat əməliyyat mənfəəti ilə başa vurub – ötən il isə bu göstərii cəmi 116 min manat idi.
Bu məbləğdən 502 min manat məcburi ehtiyatlar üçün ayrılıb. Beləliklə bank 1-ci rübü 1 milyon 13 min manat xalis mənfəətlə bağlayıb. Bu ötən illə müqayisədə 10 dəfə artıqdır. Xatırladaq ki, ötən ilin 1-ci rübündə bankın xalis mənfəəti 105 min manat olmuşdu.
Bank daha da böyüyüb
2022-ci ilin 1-ci rübünün sonunda «Turanbank»ın aktivləri 36 milyon manat və ya 5% artaraq 751,6 milyon manata çatıb.
Bütün növ kreditərdə artım baş verib
Bu dövrdə bankın kredit portfeli 20 milyon manat artaraq 436 milyondan 457 milyon manata yüksəlib. Bankın bütün növ kreditlərində artım olub – istehlak kreditləri 8 milyon manat, biznes kreditləri 10 milyon manat, daşınmaz əmlak kreditləri isə 3 milyon manat artıb.
Qiymətli kağızlara daha çox pul yatırıb
Bankın xalis kredit portfeli isə (cəmi 5 milyon ehtiyat ayırmalarından sonra) 451 milyon manat olub. 1-ci rübdə «Turanbank» qiymətli kağızlara yatırımları təqribən 50% artıraraq 38 milyon manatdan 59 milyon manata qaldırıb.
Öhdəlikləri və kapitalı artıb
1-ci rübün sonuna Bankın öhdəlikləri 35 milyon manat artaraq 663 milyon manata yüksəlib. Bankın depozit portfeli 15 milyon manat artaraq 432 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətləri 276 milyon manat, hüquqi şəxslərin depozitləri isə 155,6 milyon manat olub.
Bankın kapitalı isə 1,3 milyon manat artaraq 88,3 milyon manata yüksəlib.