"Unibank"ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 1 milyard 304,6 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 150,1 milyon manat və ya 13% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Bankın kredit portfelinin artımında əsas rolu biznes kreditləri oynayıb. Belə ki, bankın biznes kreditləri portfeli bir ildə 117,6 milyon manat (26,9%) artaraq 554,6 milyon manata yüksəlib. Nəticədə bu seqmentin ümumi portfeldəki payı əvvəlki ilin eyni dövründəki 37,8%-dən 42,5%-ə yüksəlib ki, bu da 4,7 faiz bəndi artım deməkdir.
Portfelin ən böyük hissəsi olan istehlak kreditlərinin həcmi isə 28,7 milyon manat (4,6%) artaraq 647,2 milyon manata çatıb. Məbləğ artsa da, onun portfeldəki payı 53,6%-dən 49,6%-ə enib, yəni 4,0 faiz bəndi azalıb.
Daşınmaz əmlak kreditləri portfeli isə illik müqayisədə 3,8 milyon manat (3,8%) artaraq 102,9 milyon manat təşkil edib. Bu seqmentin portfeldəki payı isə 8,6%-dən 7,9%-ə enərək 0,7 faiz bəndi azalıb.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə bankın ümumi kredit portfeli 1 milyard 154,5 milyon manat, o cümlədən biznes kreditləri 436,9 milyon manat, istehlak kreditləri 618,5 milyon manat, daşınmaz əmlak kreditləri isə 99,1 milyon manat təşkil edirdi.











