"Unibank" ASC-nin cəmi depozit portfeli 1 milyard 378 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 173,3 milyon manat və ya 14,4% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir.
Depozit portfelinin artımında həlledici rolu fiziki şəxslərin əmanətləri oynayıb. Belə ki, əhali əmanətləri bir ildə 132,6 milyon manat (13,9%) artaraq 1 milyard 89 milyon manata yüksəlib. Bu, bankın cəmi depozit portfelinin təxminən 79%-ni təşkil edir.
Eyni dövrdə hüquqi şəxslərin depozitləri də artım nümayiş etdirib. Şirkətlərin bankdakı vəsaitləri 40,6 milyon manat (16,4%) artaraq 288,9 milyon manata çatıb.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə "Unibank"ın ümumi depozit portfeli 1 milyard 204,6 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 956,4 milyon manat, hüquqi şəxslərin depozitləri isə 248,2 milyon manat təşkil edirdi.











