Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları"nda dəyişikliklər edib.
Banklarda əhalinin əmanətləri - 18 milyard manata çatıb
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra kommersiya banklarının tənzimləyici qurumda yerləşdirdiyi aktivlər sistem əhəmiyyətli bankların qiymətləndirilməsində nəzərə alınmayacaq.
Həmçinin, qiymətləndirmə zamanı AZİPS (Real Vaxt Rejimində Hesablaşmalar Sistemi) üzərindən aparılmış müştəri köçürmələri və banklararası ödəniş əməliyyatlarının sayı və cəmi məbləği nəzərə alınacaq.
Bundan başqa, sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-nə qədər AMB-nin İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək. İndiyə qədər bu siyahı martda təsdiqlənirdi.
Bundan başqa, AMB-nin "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda etdiyi dəyişikliklə, bundan sonra sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticəsində bank sistem əhəmiyyətli bankların siyahısına daxil edildikdə və ya sistem əhəmiyyətli bankın daxil olduğu qrup artırıldıqda, "sistem əhəmiyyətli bank kapital buferi" üzrə yeni artırılmış tələb sistem əhəmiyyətli bankların siyahısının təsdiq edildiyi ildən sonrakı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Eləcə də, sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticələrinə əsasən bankın sistem əhəmiyyətli bankların siyahısından çıxarılması və ya aid edildiyi sistem əhəmiyyətlilik qrupunun aşağı salınması yalnız ardıcıl 2 il üzrə aparılmış hesablamalar nəticəsində təsdiq edildiyi halda, "sistem əhəmiyyətli bank kapital buferi" üzrə azaldılmış tələb sistem əhəmiyyətli bankların siyahısının təsdiq edildiyi andan dərhal sonra qüvvəyə minəcək.













