Banklarda əhalinin əmanətləri - 18 milyard manata çatıb
21:5030 Avq 2026
Azərbaycan əhalisinin banklardakı əmanətləri sürətlə artmaqdadır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının avqustun 1-nə açıqladığı statistikaya görə, bank sektorunun ümumi depozit portfeli 44 milyard 501 milyon manata çatıb.
Banklardakı depozit portfeli 3 böyük hissədən ibarətdir:
Şirkətlərin banklardakı pulları - 22 milyard 244 milyon manat və ya bütün depozitlərin 50%-i;
Əhalinin banklardakı əmanətləri – 17 milyard 897 milyon manat və ya bütün depozitlərin 40%-i;
Maliyyə təşkilatlarının (yəni bank, BOKT, fond və sair qurumların) banklardakı depozitləri - 4 milyard 360 milyon manat və ya bütün depozitlərin 10%-i.
Banklardakı bütün depozitlərin məbləği son bir ildə 6,5% və ya 2 milyard 716 milyon manat artıb.
Amma artım demək olar ki, bütünlüklə əhalinin əmanətləri hesabınadır. Belə ki, AMB-nin məlumatlarına görə, ev təsərrüfatlarının banklardakı depozitləri (yəni əhalinin əmanətləri) avqustun 1-də 17 milyard 897 milyon manata çatıb. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 15,8% və ya 2 milyard 442 milyon manat artım deməkdir.
Əhalinin əmanətlərindən fərqli olaraq, şirkətlərin banklardakı depozitləri azalıb – ötən ilin eyni dövrü ilə müqayisədə şirkətlərin banklardakı depozitləri 2 milyard manat azalıb. Bu illik 4,3% azalma deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə banklarda şirkətlərin 46 milyard 500 milyon manat depoziti vardı.
Maliyyə təşkilatlarının depozitləri isə bu müddətdə 1,2 milyard manat və ya 41,8% və ya artaraq 4 milyard 360,2 milyon manata çatıb.