"Bank VTB (Azərbaycan)" ASC-nin faiz gəlirləri 2025-ci ildə 40,4 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 milyon manat və ya 24% artım deməkdir.
Bankın faiz gəlirlərinin artımında əsas rolu müştərilərə və digər maliyyə institutlarına verilən kreditlər oynayıb. Bankın müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faiz gəlirləri bir ildə 4,6 milyon manat (16,8%) artaraq 31,8 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz gəlirlərinin 78,6%-ni təşkil edir.
Bankın gəlirliliyində ən kəskin artım isə digər banklara və maliyyə institutlarına verilən kreditlər üzrə qeydə alınıb. Bu istiqamətdən gəlirlər bir ildə 2,7 milyon manat (93,2%), yəni təxminən iki dəfə artaraq 5,6 milyon manata çatıb.
Bankın cari ildə yaranan yeni gəlir mənbəyi isə digər banklardakı depozitlərdən əldə etdiyi 1,5 milyon manatlıq faiz gəliri olub. Əvvəlki ilin eyni dövründə bu maddə üzrə gəlir qeydə alınmamışdı.
Ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri 1,1 milyon manat təşkil edib.











