"Bank Respublika" bu ilin III rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, "Bank Respublika" 2024-cü ilin üçüncü rübünü 39 milyon 273 min manat xalis mənfəətlə başa vurub. Bu da illik müqayisədə 13 milyon 603 min manat və ya 53% artım deməkdir.
Hesabat dövründə bank 10 milyon 447 min manat mənfəət vergisi ödəyib. Mənfəət vergisi ödəmələri də 1 milyon 852 min manat (22%) artıb.
Gəlir və xərclərdə müsbət dinamika
Hesabat dövründə bankın faiz gəlirləri 172 milyon 619 min manat olub ki, bunun da 145 milyon128 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 34,8 milyon manat (25%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 26,2 milyon manat (22%) artıb.
Faiz xərcləri 9,4 milyon manat (17%) artaraq 63,2 milyon manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 109,5 milyon manat olub ki, bu da illik müqayisədə 25,5 milyon manat və ya 30% çoxdur.
Qeyri-faiz gəlirləri 28,1 milyon manat, xərcləri isə 85,4 milyon manat olub. Xərclər 8,6 milyon manat (11%) artıb.
Əmək haqqı xərcləri 7 milyon manata yaxın artıb
Hesabat dövründə əmək haqqı xərcləri 46,9 milyon manat, ümumi və inzibati xərclər 22 milyon manat, amortizasiya xərcləri 3 milyon manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 6,7 milyon manat və ya (17%), amortizasiya xərcləri 700 min manat (29%), digər xərcləri isə 1 milyon manat (11%) artıb.
Bank böyüməsi davam edir - aktivlər artır
"Bank Respublika"nın aktivlərinin sürətli artımı davam edir. 2024-cü ilin III rübündə Bank daha da böyüyərək 2 milyard 154 milyon manat akitvlərə malik olub. İlin əvvəlindən bəri aktivlər 21,8 milyon manat (1%) artıb.
Bunun da 544 milyon manatını nağd pul vəsaitləri təşkil edib. Qiymətli kağızlara yatırımları isə 46 milyon 967 min manata bərabər olub.
Kredit portfelində 180 milyonluq artım
Bankın kredit portfelində də ciddi artım müşahidə olunub. Belə ki, ümumi kredit portfeli 1 milyard 352 milyon 299 min manat təşkil edib. Kredit portfeli ötən ilin sonu ilə müqayisədə 178 milyon 70 min manat (15%) böyüyüb.
Kredit portfelinin 295 milyon 321 min manatını istehlak, 914 milyon 825 min manatını biznes, 142 milyon 152 min manatını ipoteka kreditləri təşkil edib.
Əvvəlki ilin sonu ilə müqayisədə istehlak kreditləri 44 milyon 577 min manat (18%), biznes kreditləri 113 milyon 445 min manat (14%), ipoteka kreditləri 20 milyon 287 min manat (17%) artıb.
Əmanət portfeli 1,3 milyard manatı ötüb
"Bank Respublika"nın öhdəlikləri 1 milyard 967 milyon manata, depozit portfeli isə 1 milyard 342 milyon manat təşkil edib.
Depozit portfelinin 649 milyon 868 min manatını fiziki, 692 milyon 589 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
Kapitalda artım dinamikası
Bankın balans kapitalı 30,3 milyon manat (19%) artaraq 186 milyon manata yüksəlib.
Kapitalda bölüşdürülməmiş mənfəətin həcmi 87,4 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu müqayisədə 28,8 milyon manat (49%) çoxdur.